"FinexKredit" BOKT ASC-nin əməkdasları Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarının bir hissəsinin köçürülməsi ilə bağlı qərar qəbul ediblər.
Bank olmayan kredit təşkilatının yaydığı məlumatda bildirilir ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində hər bir əməkdaş dövlətin, Prezident İlham Əliyevin səylərini dəstəkləməyi öz vəzifə borcu hesab edir.
Həmçinin "FinexKredit" BOKT, iqtisadiyyatda baş verən mümkün mənfi dəyişikliklərlə üzləşən, xüsusilə həssas olan müştərilər üçün öz dəstək proqramını işləyib hazırlamış, müştərilərə məsafədən xidmət göstərmək üçün bütün lazımi vasitələri yaratmışdır. Bu çətin günlərdə "FinexKredit" öz imkanları daxilində bütün mümkün vasitələrlə müştərilərini dəstəkləyəcək.
"Belə çətin məqamlarda yüksək məsuliyyət nümayiş etdirən Azərbaycanın bütün biznes nümayəndələrinə təşəkkürümüzü və həmrəyliyimizi bildiririk",- məlumatda deyilir.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin Respublika üzrə 11 satış ofisi fəaliyyət göstərir.