“FinEX Kredit” BOKT ( bank olmayan kredit təşkilatı) 2017-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “FinEX Kredit” BOKT-un “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, 2017-ci ildə BOKT-un faiz gəlirləri ötən ilə nisbətən 43,54% artaraq 798,4 min manat, faiz xərcləri isə 66,45% artaraq 327 min manata yüksəlib. Sonda 2017-ci il üçün xalis faiz gəlirləri 471,3 min manat təşkil edib.
Xərclərə gəldikdə isə haqq və komissiya xərcləri 2017-ci ildə ötən ilə nisbətən 12,77% azalaraq 15,4 min manat, inzibati və digər əməliyyat xərcləri 31,04% artaraq 406,8 min manat olub. Xarici valyuta əməliyyatları üzrə xalis faiz gəlirləri 2016-cı ildə 39 min manat olduğu halda , 2017-ci ildə bu göstərici 15 dəfəyə yaxın azalaraq 2,5 min manata enib.
Yekunda 2017-ci ildə “FinEX Kredit” BOKT-un xalis mənfəəti 35,9 min manat olub. Xatırladaq ki, 2016-cı ildə bu məbləğ 53,8 min manat idi.
FED. Az “FinEX Kredit” BOKT-un “Balans” hesabatına istinadən xəbər verir ki, BOKT-un cəmi aktivləri 2017-ci ildə ötən illə müqayisə də 14,90% artaraq 3 mln 787,8 min manat, cəmi kapitalı isə 27,22% artaraq 831,8 min manata yüksəlib. BOKT-un kredit portfeli 2017-ci il üçün 3 mln 572 min manat təşkil edib.
Ötən il “FinEX Kredit”in nizamnamə kapitalı da artıb , belə ki, 2016-cı ildə BOKT-un nizamnamə kapitalı 600 min manat olduğu halda, 2017-ci ildə BOKT-un nizamnamə kapitalı 200 min manat artaraq 800 min manata çatıb.