Ölkənin aparıcı BOKT-larından olan «Finex Kredit» BOKT «Express Pay» ödəmə terminallarına qoşulub. FED.az xəbər verir ki, «FinexKredit» Bank Olmayan Kredit Təşkilatı (BOKT) müştərilərin kredit ödənişlərini rahat və operativ təşkil etmək məqsədi ilə «Express Pay» ödəmə terminallarına qoşulub. Bundan sonra şirkətin satış ofislərinə kredit ödənişi üçün yaxınlaşmağa ehtiyac qalmır. Terminallar vasitəsi ilə aparılan bütün ödənişlər real vaxt rejimində kredit təşkilatının əməliyyat sisteminə transfer edilir.
Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi proqramının icrasına xidmət edir.
“FinexKredit” BOKTun İdarə Heyətinin Sədri Rəşad Qasımov FED.az-a bildirib ki, yaxın gələcəkdə BOKT MilliÖn və digər ödəmə terminalları ilə əməkdaşlığa başlayacaq.
Ümumiyyətlə, “Finexkredit” BOKT-un şirkətin strateji inkişaf proqramı korporativ idarəetmə mexanizmlərinin təkminləşdirilməsini, müştəri-menecer əlaqələrinin minimuma endirilməsini nəzərdə tutur.
Proqram çərçivəsində bu ilin əvvəlində “Finexkredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlayıb.
Xatırladaq ki, “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçib. Hal-hazırda şirkət öz fəaliyyətini baş ofis və 10 filialı vasitəsi ilə aparır. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan beynəlxalq audit şirkətidir.