“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb.
FED.az xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.
Bu filial vasitəsi ilə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan müştərilərə kredit məhsulları təklif olunur.
Balakən şəhəri, M.Əsədov küçəsi 3 A ünvanında fəaliyyət göstərən yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.
“FINCA Azerbaijan” bu il filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin ümumi sayını 14-ə çatdırıb. FINCA növbəti ildə daha 8 filial açılmasını planlaşdırır.
Məlumat üçün bildirək ki, “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.