“FİNCA” BOKT MMC istiqraz emissiyası yolu ilə vəsait cəlb etməyə hazırlaşır.
FED.az xəbər verir ki, “FİNCA” bank olmayan kredit təşkilatı istiqraz emissiya etmək üçün investisiya şirkətləri ilə görüşəcək. Görüş Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində keçiriləcək.
İstiqrazların buraxılışına dair ilkin məlumata görə, bir neçə tranşlar ilə buraxılışın maksimum həcminin 17 milyon manat olması nəzərdə tutulur. İstiqrazların tədavül müddətinin 3 il və illik faiz dərəcəsinin 11 – 11.5% olması, faiz ödənişlərinin isə rüblük əsasda baş tutması nəzərdə tutulur.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, buraxılışın maksimum həcmi “FİNCA” BOKT-ın xalis aktivlərinin həcminə bərabərdir. Belə ki 2019-cu ilin sonuna “FİNCA”nın xalis aktivləri 17 milyon manat təşkil edib.
Ötən il və bu il “FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 10 yeni filial açaraq ofislərinin ümumi sayını 15-ə çatdırmışdı. “FINCA” 2020-ci ildə daha 7 filial açılmasını planlaşdırır.
Məlumat üçün bildirək ki, “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir.
Marja