Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Yeni Müsavat”a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər.
Eləcə də bax: Ən çox kredit verən - BOKT-LAR MƏLUM OLUB
Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası borc pul verməkdir..
Aparatdan borc istəməyə gələnlər bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir.
Qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Şirkətdən verilən məlumata görə, aparatlar heç bir banka aid deyil və lombard kreditləri verir. Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: “O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”.
Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır.
Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.