2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları 9 ayı 0,1 milyon manat (100 min manat) xalis mənfəətlə başa vurub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sektor bu ilin birinci yarısını 0,03 milyon manat (30 min manat) xalis zərərlə yekunlaşdırsa da, 3-cü rübdə əldə etdiyi 0,13 milyon manatlıq mənfəət sayəsində ümumi nəticəni müsbətə çevirə bilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə də kəskin dönüş baş verib. Belə ki, 2024-cü ilin 9 ayını 0,53 milyon manat zərərlə başa vuran kredit ittifaqları, bu il mənfəətə keçməklə maliyyə vəziyyətini 0,63 milyon manat yaxşılaşdırıb. Ötən ilin yekun nəticəsi ilə müqayisədə isə xalis mənfəət 0,02 milyon manat, yəni 25% artıb.
Sektorun maliyyə vəziyyətinin yaxşılaşmasına təsir edən əsas amil aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyat ayırmalarının kəskin azalması olub. Hesabat dövründə bu ayırmaların həcmi 0,6 milyon manat təşkil edib ki, bu da ötən ilin 9 ayına nəzərən 0,6 milyon manat, yəni 50,0% azalma deməkdir. Eyni zamanda, sektorun xalis faiz gəliri də ötən ilin 9 aylıq nəticəsi ilə müqayisədə 0,1 milyon manat artaraq 1,5 milyon manata çatıb.
Xatırladaq ki, kredit ittifaqlarının xalis mənfəəti bu ilin iyulun 1-nə (6 aylıq yekun) -0,03 milyon manat (zərər), ötən ilin sonunda 0,08 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə -0,53 milyon manat (zərər) təşkil edib.












