2025-ci ilin oktyabrın 1-nə (sentyabr ayının yekunu) Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) xalis mənfəəti 60,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Sektor bu ilin birinci yarısını 13,2 milyon manat xalis zərərlə başa vursa da, 3-cü rübdə əldə etdiyi 73,5 milyon manatlıq mənfəət sayəsində ümumi nəticəni müsbətə çevirə bilib.
Bununla belə, sektorun 9 aylıq mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 88,9 milyon manat, yəni 59,6% azdır. Ötən ilin yekun nəticəsi ilə müqayisədə isə xalis mənfəət 96,8 milyon manat, yəni 61,6% azalıb.
Sektorun yekun maliyyə nəticəsinin formalaşmasına təsir edən əsas maddələr üzrə ətraflı dinamika isə aşağıdakı kimidir:
Xalis faiz gəliri 129,7 milyon manat təşkil edib. Bu, ötən ilin 9 ayına nəzərən 76,2 milyon manat (37,0%), ötən ilin yekununa nəzərən isə 79,7 milyon manat (38,1%) azalma deməkdir. Bununla belə, son rüblə müqayisədə (bu ilin I yarımılı ilə) xalis faiz gəliri 47,7 milyon manat (58,2%) artıb.
Qeyri-faiz gəlirləri 167,7 milyon manat olub. Bu göstərici ötən ilin 9 ayına nəzərən 83,4 milyon manat (98,9%) və son rüblə müqayisədə 58,5 milyon manat (53,6%) artsa da, ötən ilin yekununa nəzərən 24,2 milyon manat (12,6%) azalıb.
Qeyri-faiz xərcləri 131,1 milyon manat təşkil edib. Bu, ötən ilin 9 ayına nəzərən 32,9 milyon manat (33,5%), son rüblə müqayisədə isə 8,6 milyon manat (7,0%) artıb. Ötən ilin yekununa nəzərən isə xərclər 8,0 milyon manat (5,7%) azalıb.
Nəticədə, əməliyyat mənfəəti 166,3 milyon manat olub. Bu, ötən ilin 9 ayına nəzərən 25,7 milyon manat (13,4%), ötən ilin yekununa nəzərən isə 95,9 milyon manat (36,6%) azalmadır. Lakin son rübdə əməliyyat mənfəəti 97,6 milyon manat (2,4 dəfə) artıb.
Mənfəətə mənfi təsir edən əsas amil aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyat ayırmaları olub. Bu ayırmaların həcmi 97,5 milyon manat təşkil edib. Bu, ötən ilin 9 ayına nəzərən 87,2 milyon manat (9,5 dəfə), ötən ilin yekununa nəzərən 33,2 milyon manat (51,6%), son rüblə müqayisədə isə 20,7 milyon manat (26,9%) artım deməkdir.
Xatırladaq ki, BOKT-ların xalis mənfəəti bu ilin iyulun 1-nə (6 aylıq yekun) -13,2 milyon manat (zərər), ötən ilin sonunda (31.12.2024) 157,1 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 149,2 milyon manat təşkil etmişdir.












