Qeyri-Bank

Azərbaycanda ilk dəfə olaraq innovativ üsulla kredit verilməsinə başlayır – YENİLİK

Azərbaycanda ilk dəfə olaraq innovativ üsulla kredit verilməsinə başlayır – YENİLİK | FED.az
09:26 2 İyun 2021

Azərbaycanın maliyyə sektorunda ilk dəfə olaraq innovativ kredit məhsulları təqdim edən xarici kapitallı yeni qurum fəaliyyətə başlayır.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) «BOKT Azpul» MMC bank olmayan kredit təşkilatına (BOKT) fəaliyyət üçün lisenziya verib. Lisenziyaya əsasən «BOKT Azpul» MMC qeyri-bank sahəsində bütün xidmətləri göstərmək imkanı əldə edib.

    Ölkədə indiyədək fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından fərqli olaraq «BOKT Azpul» MMC müştərilərinə yüksək texnologiyalara əsaslanan innovativ kredit məhsulları – ani kreditlər təqdim edəcək. Bu məhsullar tamamilə rəqəmsal olmaqla, süni intellektə, müştərilərin biometrik göstəricilərinə əsasən məsafədən identifikasiyası və verifikasiyasına, nəticədə fiziki təmasın sıfıra endirilməsinə əsaslanır. Eləcə də bu məhsullar ölkədə nağdsız əməliyyatların stimullaşdırılmasına dəstək verəcək. 

«BOKT Azpul» MMC fəaliyyətində istifadə olunan innovasiyaların tətbiq edilməsi ilə bağlı Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Xəbər verildiyi kimi, «BOKT AzPul» MMC və Nazirliyin Məlumat Hesablama Mərkəzi arasında Biometrik imza həlli ilə bağlı müqavilə imzalanıb.  

«BOKT Azpul» MMC-nin fəaliyyətə başlaması ilə Azərbaycanın maliyyə sektoruna böyük məbləğdə xarici investisiya yatırılıb. Belə ki, yeni kredit təşkilatı Qazaxıstan investorları tərəfindən təsis edilib.

Qeyd edək ki, «BOKT Azpul» MMC-nin Azərbaycanda təqdim etdiyi bu tipli innovativ kredit məhsulları bütün dünyada sürətlə populyarlaşmaqdadır. Hazırda analoji kredit məhsulları ABŞ, Avropa, Asiya, Rusiya və MDB ölkələri də daxil olmaqla dünyanın 10 ölkəsində təqdim edilir və onun əhatə dairəsi genişlənməkdədir.

Xatırladaq ki, «BOKT Azpul» MMC Azərbaycanda innovativ kredit məhsullarına – xüsusi terminallar vasitəsilə kiçik məbləğli kreditlərin verilməsinə 2019-cu ilin oktyabrında başlayıb. Həmin vaxt elektron lombard kimi fəaliyyət göstərən şirkətin məhsullarına əhalinin marağı və tələbatı böyük olmuşdu. Bunu nəzərə alaraq şirkətin fəaliyyətinin daha da genişləndirilməsi və Bank olmayan kredit təşkilatı formasında davam etdirməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycanın maliyyə sektorunda innovativ, rəqəmsal həllərə əsaslanan yeni məhsulların təqdim edilməsi Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında təsdiq etdiyi «Azərbaycan Respublikasında  maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi»ndə də əks olunub.

Yol xəritəsinə əsasən 2025-ci ilədək olan dövrdə bank olmayan yeni maliyyə institutlarının təqdim edəcəyi əlavə kredit məhsulları istehlak kreditlərinə alternativ çıxış imkanları yaradacaq və sektorda rəqabəti gücləndirəcək.

Burada bildirilir ki, yüksək rəqabət mühitində müştərilərin əksəriyyəti öz əməliyyatlarını mobil rabitə və internet vasitəsilə həyata keçirəcəkdir. Satış və xidmət prosesləri tamamilə rəqəmsallaşdırılaraq, mobil rabitə və internet vasitəsilə müştərilərə əlçatan olacaqdır. Bu inteqrasiya, həmçinin rəqəmsal ödəniş sistemləri və mobil tətbiqlərin geniş istifadəsi ilə dəstəklənəcəkdir.

Yol xəritəsinin prioritetləri sırasında rəqəmsallaşdırma və səmərəliliyin yüksəldilməsi, əməliyyatların mobil telefonlar vasitəsilə aparıla bilməsi kimi yeniliklər də var.

«BOKT Azpul» MMC-un fəaliyyətə başlaması ilə Azərbaycanın maliyyə sektorunda yüzlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Azərbaycanda ilk dəfə olaraq innovativ üsulla kredit verilməsinə başlayır – YENİLİK | FED.azAzərbaycanda ilk dəfə olaraq innovativ üsulla kredit verilməsinə başlayır – YENİLİK | FED.azAzərbaycanda ilk dəfə olaraq innovativ üsulla kredit verilməsinə başlayır – YENİLİK | FED.az
Banner

Digər xəbərlər