Azərbaycanda maliyyə qurumunun komandasının yaratdığı lizinq şirkəti sürətlə böyüməkdədir.
«Legion Financial»ın vəziyyəti məlum oldu – SÜRƏTLƏ BÖYÜYÜB, MƏNFƏƏTİ 2 QAT ARTIB - HESABAT
FED.az xəbər verir ki, maliyyə lizinqi, lombard fəaliyyəti və maliyyə vasitəçiliyi üzrə ixtisaslaşan «Legion Financial» ASC lizinq şirkəti 2024-cü ilin nəticələrini açıqlayıb. Hesabata əsasən, 2024-cü ildə «Legion Financial»ın faiz gəlirləri 2,2 milyon, faiz xərcləri 735 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə şirkətin faiz gəlirləri gəlirləri 2,5 dəfə, faiz xərcləri isə 6 dəfə artıb.
Nəticədə şirkətin xalis faiz gəlirləri 2 dəfə artaraq 1,478 milyon manata yüksəlib.
155 min manatlıq ehtiyat ayırmalarını nəzərə aldıqda isə bu məbləğ 1 milyon 324 min manat təşkil edib. 2024-cü ildə «Legion Financial»in qeyri-faiz gəlirləri də təqribən 10 dəfə artaraq 400 min manatı keçib.
Bunlar haqq və komissiya gəlirləri, icarə güzəştləri və digər gəlirlərdir.
Şirkətin inzibati xərcləri isə bir ildə 6 dəfə artaraq 32 min manatdan 190 min manata yaxınlaşıb.
Nəticədə şirkət 2024-cü ili 1 milyon 214 min manat xalis mənfəətlə tamamlayıb. Bu ötən illə müqayisədə 2 dəfə artıqdır, xatırladaq ki, 2023-cü ildə «Legion Financial»ın xalis mənfəəti 616 min manat olmuşdu.
Gəlirlərin və mənfəətin belə kəskin artımı şirkətin kredit portfelinin böyükməsi ilə bağlıdır – 2024-cü ildə «Legion Financial»in kredit portfeli 2 dəfədən çox artaraq 4,7 milyon manatdan 10 milyon manatı keçib. Şirkətin investisiya mülkiyyəti isə 2,2 milyon manata yüksəlib.
Ümumilikdə «Legion Financial»in aktivləri 13 milyon manatı keçib.
Aaktivlərin artımı şirkətin sürətli borclanması ilə bağlıdır. Təkcə 2024-cü ildə «Legion Financial» borclarını 7 milyon manat artırıb. Belə ki, şirkətin borcları 4,5 milyon manat artaraq 735 min manatdan 5,2 milyon manata «uçub», eyni zamanda şirkət öz səhmdarlarından az qala 2,5 milyon manat borc alıb.
Yeri gəlmişkən, 2024-də «Legion Financial»ın səhmdarlarının siyahısı genişlənib və buraya yeni səhmdar daxil olub.
Əsas dəyişiklik – yeni səhmdar və bölüşdürülməyən mənfəət şirkətin nizamnamə kapitalını təqribən 2 milyon artıraraq 4,7 milyon manata yüksəldib.
Xatırladaq ki, «Legion Financial» lizinq şirkəti «Finoko» BOKT-un rəhbərliyi tərəfindən yaradılıb. Şirkətin əsas təsisçiləri Turan İsmayılov (39,5%), Ramin Süleymanlı (31,6%), Rövşən Soltanov (10,5%), Böyükağa Məmmədov (13%) və Konstantin Kolasdır (5,4%).