2025-ci ilin birinci yarımilində BOKT sektorunun aktivlərinin həcmi kiçilib. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30 mln. manat) azalaraq 963 mln. manat təşkil edib. Azalmanın əsas payçısı xalis kredit portfeli olub.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
BOKT-lərin kreditləşmə fəaliyyətində mövcud olan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kredit portfeli 6,3% (45 mln. manat) azalıb. 15 noyabr 2024-cü il tarixində "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilib ki, bu da öz növbəsində xalis kredit portfelinin azalmasını şərtləndirib.