Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 26,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 0,7 milyon manat xalis zərərlə çıxmışdı.
Azərbaycanda ən çox kredit verən – 10 BOKT - SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 83,5 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), xərcləri 49,7 milyon manat (76,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,4 milyon manat (3,3 dəfə az), gözlənilməz gəlirləri 0,2 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 4,2 milyon manat (5,3 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 614,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 39,5 % çoxdur. Bunun 456,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 38,9 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 42 % artaraq 359,7 milyon manata, balans kapitalı isə 36,2 % artaraq 254,5 milyon manata çatıb. (Report)