Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Asel Kredit» BOKT MMC 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qeyri-bank kredit şirkəti ötən ili 195 min manatdan artıq xalis mənfəətlə başa vurub.
BOKT-un açıqladığı hesabata əsasən, 2023-cü ildə «Asel Kredit»in kredit portfeli üzrə gəlirləri 2 milyon 573 min manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 300 min manat və ya 13% artıqdır.
Hesabat dövründə «Asel Kredit» BOKT-ın kreditlərdən daxil olan komissiya haqları üzrə gəliri 1 milyon 741 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 320 min manat və ya 22% artıqdır.
Nəticədə il ərzində «Asel Kredit» BOKT-un əməliyyat gəliri 4 315 min manat təşkil edib – 620 min manat və ya 17% artım müşahidə edilib.
İl ərzində «Asel Kredit» BOKT-un faiz xərcləri 14% artaraq 420 min manata yüksəlib. Qeyri-faiz xərcləri isə 222 min manat və ya 12% artaraq 2 milyon 062 min manata çatıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 244 min manata yüksəlib, ötən il bu göstərici 209 min manat idi. 49 min manatlıq mənfəət vergisi çaxıldıqdan sonra «Asel Kredit» BOKT 2023-cü ili 195 min manat xalis mənfəətlə tamamlayıb. Bu əvvəlki illə müqayisədə 28 min manat və ya 175 artıqdır.
2023-cü ilin sonuna «Asel Kredit» BOKT-un aktivləri 7 milyon 511 min manat təşkil edib.
BOKT-un əsas vəsaitləri bir qədər də artaraq 420 min manata çatıb. Qeyri- maddi aktivlərin həcmində isə 6 dləfəyə yaxın artım olub və bu göstərici 135 min manat təşkil edib.
İlin yekuünlarına görə, «Asel Kredit» BOKT-un cəmi kapitalı təqribən 100 min manat artaraq 3,7 milyon manata yüksəlib. Bundan 3 milyon manat səhmdarların yatırdığı nizamnamə kaitalı, qalan hissə isə əvvəlki illərin bölüşdürülməmiş mənfəətidir.
2023-cü ildə «Asel Kredit» BOKT-un öhdəlikləri təqribən 600 min manat azalaraq 3 milyon 776 min manata enib. Bu dövrdə BOKT vaxtilə buraxlmış istiqrazlar üzrə 500 min manatlıq borcunu uğurla bağlayıb.
Nəticədə hesabat dövrünün sonuna təşkilatın cəmi kapital və öhdəlikləri 7,5 milyon manat olub.