Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatı – BOKT «Aqrar Kredit»in maliyyə vəziyyəti açıqlanıb.
Eləcə də bax: “Merkuri” BOKT-un xalis mənfəəti - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, 2020-ci ildə «Aqrar Kredit»in faiz gəlirləri 17 milyon 325 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 63% artıqdır. Bu dövrdə BOKT-un faiz xərcləri 23% artaraq 244 min manat olub.
Bundan başqa, 2020-ci ildə «Aqrar Kredit» əvvəlki illərdə dəyərsizləşmə üçün ayırdığı ehtiyatlardan 11 milyon 703 min manatı geri çəkib.
Nəticədə təşkilat ili 28 milyon 784,3 min manat xalis faiz gəliri ilə başa vurub. BOKT-un bu göstəriciləri 2019-cu ildəkindən kəskin şəkildə fərqlənir.
Belə ki, «Aqrar Kredit» 2019-cu ildə 10,6 milyon manat faiz gəliri əldə etmiş, amma dəyərsizləşməyə qarşı 23.6 milyon manat ehtiyat ayırdığına görə, xalis faiz gəliri mənfi 13,2 milyon manata düşmüşdü.
2020-ci ildə «Aqrar Kredit» valyuta əməliyyatlarından 1,5 milyon manat gəlir əldə edib. Əvvəlki ildə isə bu əməliyyatlar üzrə 913 min manat zərər var idi.
Buna baxmayaraq BOKT belə böyük gəliri xalis mənfəətə transformasiya edə bilməyib. 2020-ci ildə BOKT-un 24 milyon 810 min manat həcmində dəqiq açıqlanmayan sair xərcləri olub.
Nəticədə təşkilatın əməliyyat gəliri 5,6 milyon manata düşüb.
Qeyd edək ki, «Sair xərclər/gəlirlər» bölməsi BOKT-un maliyyə fəaliyyətində ciddi yer tutur. Belə ki, 2019-cu ildə təşkilatın faiz gəliri mənfi 13,2 milyon manat olanda məhz 18,9 milyon manat «Sair gəlirlər» hesabına şirkət 5 milyon manat əməliyyat gəlirinə çıxmışdı.
Nəticədə 2020-ci ildə təşkilatın əməliyyat gəliri 2019-la müqayisədə cəmi 600 min manat artıq olub. 4,4 milyon manat əməliyyat xərclərini nəzərə alanda, «Aqrar Kredit» BOKT 2020-ci ili vergiyə qədər 1 milyon 212 min manat mənfətlə başa vurub.
346 min manat mənfəət vergi ödənişini (2019-la müqayisədə 2,5 dəfə artıb) çıxdıqdan sonra təşkilatın xalis mənfəəti 867 min manat olub. Bu 2019-cu illə müqayisədə təqribən 42% artıqdır.
2020-ci ildə «Aqrar Kredit»in aktivləri 326 min manat və ya 2,6% azalaraq 12 229 min manat olub.
Xatırladaq ki, BOKT «Aqrar Kredit» Azərbaycan Beynəlxalq Bankının əvvəlki rəhbərlərinin dövründə yananmış problemli aktivləri idə idarə edir və BOKT-un aktivlərinin azalması da əsasən ABB-nin keçmiş aktivlərinin (314 min manat) azalması ilə bağlıdır.
Digər göstəricilərə gəlincə, 2020-ci ildə «Aqrar Kredit»in banklarda yerləşdirdiyi depozitləri 15 milyon manat və ya 2 dəfədən çox artaraq 14,1 milyon manatdan 29,4 milyon manata yüksəlib.
Təşkilatın kredit portfeli isə 4,7 milyon manat azalaraq 78,5 milyrn manatdan 73,8 milyon manata enib.
BOKT-un öhdəlikləri də 326 min manat azalaraq 12milyon 204,6 min manata enib.
Kapitalı isə təqribən 700 min manat artaraq 24,4 milyon manata yüksəlib.
2020-ci ildə «Aqrar Kredit» BOKT-un əməliyyat xərcləri təqribən 130 min manat artaraq 4 387 min manata yüksəlib. Artım əsasən əmək haqqı xərclərinin yüksəlməsi hesabına baş verib - 518 min manat artaraq 2 482 min manatdan 2800 min manata qalxıb.
Əvəzində təşkilatın istismar xərcləri (346 min manatdan 163 min manata) və peşəkar xidmətlərə (128 min manatan 75 min manata) çəkilən xərcləri təqribən 2 dəfə azalıb.
Pandemiya dövründə təşkilatın ezamiyyət xərcləri 5 dəfə azalaraq 49,6 min manatdan 10,3 min manata düşüb.