Azərbaycanın ən böyük qeyri-bank təşkilatlarından olan «Aqrar Kredit» BOKT 2022-ci il üzrə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilat illik hesabatın böyük hissəsini ictimaiyyətə açıqlamayıb.
Açıql olan hissədən məlum olur ki, 2022-ci ildə «Aqrar Kredit» BOKT-un faiz gəlirləri 17,1 milyon manat, faiz xərcləri 244 min manat olub.
Bundan başqa, şirkət əvvəlki illərdə mümkün zərərlər üzrə ayrılan ehtiyatlardan 5 milyon 681 min manat geri qaytarıb. Nəticədə BOKT-un xalis faiz gəliri 22,5 milyon manata yüksəlib.
2022-ci ildə «Aqrar Kredit» BOKT-un haqq və komissiya gəlirləri 2 dəfə azalaraq 330 min manatdan 160 min manata düşüb.
Haqq və komissiya xərcləri isə əksinə 150 min manat artaraq 930 min manata yüksəlib.
Şirkət 2022-ci ildə xarici valyuta üzrə əməliyyatlarda da 2,2 milyon manat zərər edib. Yeri gəlmişkən, 2021-ci ildə bu zərərin məbləği 8,4 milyon manatdan artıq idi.
Nəhayət, 2022-ci ildə «Aqrar Kredit»in hesabatda dəqiqləşdirilməyən 11,7 milyon manatlıq digər xərcləri olub.
Nəticədə BOKT ili 7,8 milyon manat əməliyyat gəliri ilə başa vurub. Əməliyyat xərcləri isə 6,3 milyon manat olub.
Beləliklə «Aqrar Kredit» BOKT 2022-ci ili 1 milyon 75 min manat xalis mənfəətlə tamamlayıb. 2021-ci illə müqayisədə BOKT-un mənfəəti 100 min manatdan çox azalıb. Əvvəlki ilə bu göstərici 1 milyon 191 min manat idi.
2022-ci ilin sonuna «Aqrar Kredit»in cəmi aktivləri 12 milyard 8,2 milyon manat, öhdəlikləri 11 milyard 959 milyon manat, kapitalı isə 49 milyon manat olub.