Xəbər verildiyi kimi, Azərbaycanda daha bir BOKT istiqraz buraxır.
Dünən, fevralın 27-də Bakı Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, “Falcon Finance” MMC-nin 700 min manatlıq istiqrazları 1 illik müddətə buraxılır, istiqrazın illik gəlirliliyi 14%-dir, faizlər hər ay ödəniləcək.
“Falcon Finance” MMC 2013-cü ildə yaradılıb, elə həmin il də Mərkəzi Bank tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.
Nizamnamə kapitalı 500 min manat olan BOKT-un iki sahibi var. Bunlar hər biri 250 min manatlıq payla Vüsal Tağıyev Nizami oğlu və Salmanova Brilyant Mərhəbib qızıdır. 2021-ci ilin sonuna şirkətin 18 işçisi olub, 2020-ci ildə işçilərin sayı 8 nəfər olub, 2022-ci ilin sonuna olan göstəricilər hələ açıqlanmayıb.
Şirkətin aktivləri 2021-ci ilin sonuna olan məlumata görə, 1 milyon 557 min manatdır, bu əvvəlki ildən 3 dəfə artıqdır.
“Falcon Finance” MMC-nin demək olar ki, daşımmaz əmlakı yoxdur, əmlakının cəmi dəyəri 21 min manatdır. Aktivlərinin böyük hissəsini – 1,4 milyon manatı müştərilərə verilən kreditlər təşkil edir. Yeri gəlmişkən, 2020-ci illə müqayisədə bu göstərici də 3 dəfə artıb.
Hazırda şirkətin əsas öhdəlikləri təsisçiləri qarşısında olan borclar və başqa banklardan alınan kreditlərdir. Yeri gəlmişkən, istisna deyil ki, bu dəfə buraxılan istiqrazları da təsisçilər alsın. Məsələ bundadır ki, təsisçilər BOKT-a bu üsulla borc versələr, sonrda qazanacaqları faiz gəlirlərinə görə, vergi ödəməyəcəklər.
Qeyd edək ki, 700 min manatlıq istiqrazın illik gəlirliyi 14% təşkil edir və sahibinə 98 min manat gəlir gətirəcək.
Şirkət 2021-ci il xaric son iki ili zərərlə başa vurub – 2019-da 40 min manat zərər, 2020-ci ildə 16 min manat zərər. Yalnız 2021-ci ildə 119 min manat xalis mənfəət əldə edilib. Amma indiyədək çəkilən zərərəri nəzərə alanda “Falcon Finance” MMC-nin bölüşdürülməmiş mənfəəti cəmi 778 manatdır. Başqa sözlə, şirkət 2022-ci ildə fəaliyyəti «təmiz list»dən başlayıb.
Hələlik 2022-ci ilin nəticələri məlum deyil, amma təsisçilər ilin əvvəlində əmin idilər ki, mənfəətlə işləyəcəklər. Şirkətin fəaliyyətində problem yaranacağı təqdirdə isə təsisçilər lazımi maliyyə dəstəyi verə bilərlər.
“Falcon Finance” MMC-nin istiqrazları üzrə emissiya prospekti
“Falcon Finance” MMC-nin 2021-ci il üzrə illik hesabatı