Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə yeni strukturu formalaşdırılıb.
FED.az xəbər verir ki, müvafiq əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldılaraq paytaxtın rayonları üzrə, ümumilikdə, 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib. Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.
"Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin, bu sahələrdə vətəndaşlara xidmətlərin DOST mərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir", - Nazirlikdən bildirilib.