Cari ilin əvvəli - yanvarın 1-nə ölkənin vahid xəzinə hesabında sərbəst qalıq 1 milyard 837,8 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bununla bağlı məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında öz əksini tapıb.
Hesabata görə, ötən il üzrə dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat olub ki, bu da təsdiq edilmiş illik proqnozu 2,1 faiz üstələyib. Eyni zamanda, həmin il büdcə xərcləri 37 milyard 713,6 milyon manat səviyyəsində həyata keçirilib ki, bu da gözlənilən göstəricidən 5,1 faiz azdır.
Nəticə etibarilə, dövlət büdcəsinin kəsiri 551,8 milyon manat təşkil edib. Bu rəqəm ilkin proqnozla müqayisədə 6,1 dəfə az olmaqla yanaşı, maliyyə siyasətində xərclərə nəzarət və gəlirlərin optimallaşdırılması istiqamətində aparılan tədbirlərin nəticəsi kimi dəyərləndirilir.