2024-cü ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 8.3 milyard dollar təşkil edib. Bunun 4.7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 0.2% azalaraq 1.1 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 0.9 milyard dollar olub. Qeyri neft-qazsektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0.2 milyard dollar) çatıb.
Bildirilib ki, qarşılıqlı xidmətlər dövriyyəsinin 29.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.4 milyard dollar olan nəqliyyat xidmətlərinin 61.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.5 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 milyard dollar təşkil edib.
Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.2%, idxalı isə 11.5% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 6 ayında 2.3% daralaraq 559.8 milyon dollar olub. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin 6 ayında 572.8 milyon dollar təşkil edib.