“Gələn il manatın ucuzlaşması baş verərsə, düşünürəm ki, hökumət prosesin daha yumşaq keçməsinə çalışacaq, çünki bir neçə il əvvəlki devalvasiyanın iqtisadiyyata vurduğu zərbələr hələ də özünü göstərir”, iqtisadi məsələlər üzrə təhlilçi Rövşən Ağayev deyir.
O, müsahibəsində Azərbaycanın milli valyutası, ölkə iqtisadiyyatı ilə bağlı gözləntilərini açıqlayıb. FED.az bbc.com-a istinadən Rövşən Ağayevlə müsahibəni təqdim edir.
– Azərbaycan manatının taleyi, manatın sabitliyi, onun məzənnəsinin nə dərəcədə sabit qalacağı, manatın məzənnəsi dəyərdən düşəcəkmi, manat möhkəmlənəcəkmi kimi sualların çox sadə bir cavabı var – neftin qiyməti nə qədər sabit olacaq?
Hər bir milli valyutanın arxasında onu təmsil edən iqtisadiyyat, o iqtisadiyyatın gücü və şaxələnmə səviyyəsi var. Məsələn, bu gün Gürcüstanda larinin sabitliyini şərtləndirən amillər, eyni zamanda, onun sabitliyinə təminat verən əsas iqtisadiyyat sahələri ilə Azərbaycan manatının arxasında duran sabitliyi şərtləndirən amillər və iqtisadi sektorlar tamamilə fərqlidir.
Ona görə də Gürcüstanda lari son 15 ildə üst-üstə 30-35 faiz dəyər itirməyib, ancaq Azərbaycan manatı iki dəfədən çox dəyər itirib. Bu da dediyim o həmin spesifik amillərlə bağlıdır.
Manatın sabitliyinə təminat verən ən başlıca amil neft amilidir, çünki Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Doğrudur, milli gəlirin formalaşmasında statistika göstərir ki, neftin payı böyük deyil, təxminən, 40 faiz ətrafındadır.
Ancaq maliyyə və ixrac göstəricilərində neftin payı həddindən artıq yüksəkdir. İxracda neftin payı 91-92 faiz ətrafında formalaşır. Əlavə olaraq, dövlət büdcəsində neftin payı 60 faiz ətrafında dolaşır.
Əgər büdcədə neftin payı 25-30 faiz, ixracda payı 40-50 faiz arasında olsaydı, Azərbaycan iqtisadiyyatı neftin 40-45 dollar qiymətinə də dözərdi.
Rusiyada büdcə 40 dollara hesablanıb, neft 40 dollara düşsə də Rusiya hökuməti bəyanat verir ki, iqtisadiyyatımız dayanıqlı olacaq. Ancaq bütün analizlər, göstəricilər onu deməyə əsas verir ki, neftin qiymətinin 50 dollar olması Azərbaycan iqtisadiyyatı üçün kritik həddir.
Neftin qiyməti yüksək olacaqsa, mən düşünürəm ki, manatın sabitliyi üçün elə bir risk olmayacaq. 2015-16-cı illərdəki kimi neftin qiyməti ucuzlaşacaqsa, xüsusilə də 50 dollardan aşağı düşərsə, bu artıq bizim üçün ciddi makroiqtisadi riskdir.
-Neftin qiymətindəki təbəllüatlar nə qədər uzun müddətli olmalıdır ki, Azərbaycanda manatın sabitliyi pozulsun?
– Təəssüf ki, qlobal neft birjalarında baş verənlərdə iqtisadi proseslər arxa plandadır. İqtisadi amillər həlledici rol oynamış olsaydı, indi iqtisadçılar rahatlıqla o amillərdən çıxış edib, neft bazarındakı vəziyyəti iqtisadi amillərə görə proqnozlaşdıra bilərdilər.
Dünyada bu dəqiqə neft bazarına ən çox təsir edən məsələ siyasi məsələlərdir. Bununla belə mən bazarda neft artıqlığı gözləyirəm və bu təklif bolluğu olarsa, neftin qiymətinin 50 dollardan aşağı düşməsi riski böyükdür.
O halda Azərbaycan kimi neftdən asılılığı yüksək olan ölkələrin iqtisadiyyatında çox ciddi problemlər yarana bilər.
Eləcə də bax: "1 pensiyaçıya 1 işləyən düşür. Yaxşı göstərici deyil" - MÜSAHİBƏ
– Bəs bahalaşma necə, gözlənirmi?
– Valyuta gəlirlər baxımından neft ixracından asılıyıqsa, iqtisadiyyatımız da idxaldan asılıdır. Biz gündəlik tələbat mallarını da, investisiya təyinatlı məhsulların da böyük hissəsini idxal edirik.
Bu isə o deməkdir ki, Azərbaycanda inflyasiyanın əsas mənbələrindən biri idxal məhsullarının bahalanmasıdır, yəni idxal inflyasiyasıdır.
Manatın ucuzlaşması baş verməsə, açığını deyim ki, daxili iqtisadi proseslərin hesabına Azərbaycanda yüksək inflyasiya – bahalaşma olacağını gözləmirəm.
Amma bizim əsas narahatlığımız idxal inflyasiyasıdır. Manatın ucuzlaşması və idxal inflyasiyası baş verməsə, Azərbaycan iqtisadiyyatı üçün kəskin inflyasiya təhlükəsi gözləmirəm.
-Siz bazarda neftlə bağlı təkliflərin artmasını gözləyirsiz, təklifin artması onu bazarda ucuzlaşdıra bilər. Bəs 2015-ci ilin durumu təkrar baş verərsə, neftin qiyməti uzunmüddətli düşərsə, hökumətin bu vəziyyətdən çıxış yolları görünürmü?
– Açığı, məsələyə optimist yanaşmaq istəyirəm, amma optimistliyin nə qədər əsaslı olduğunu zaman göstərəcək.
Hökumət 2015-ci il böhranından müəyyən dərslər çıxarıb və düşünürəm ki, uzunmüddətli dövrdə bəlkə çətin olar.
Ancaq hökumət 2019-cu ildə Neft Fondunun vəsaitlərinin iqtisadiyyata cəlbedilməsi hesabına olsa da, məncə prosesin daha yumşaq keçməsinə çalışacaq.
2015-ci ildəki devalvasiyanın iqtisadiyyata və xüsusən bank sektoruna vurduğu zərbənin ağır nəticələri, fəsadları hələ də aradan qalxmayıb, bu nəticələr bir müddət də qalacaq.
Ona görə də mən düşünürəm ki, daha doğrusu, optimist yanaşmaq istəyirəm ki, neftin qiymətinin kəskin ucuzlaşacağı dövrdə belə 2015-ci ildən fərqli olaraq hökumət bu dəfə daha mötədil mövqe nümayiş etdirəcək.
Neft Fondunun resurslarını cəlb etmək və büdcəsinin xərclərinin ixtisarı hesabına ən azından manatın kəskin ucuzlaşması riskinə imkan verməyəcək.