İki il əvvəl fəaliyyətləri dayandırılan valyutadəyişmə məntəqələri yenidən işə başlayacaq. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiqlənib.
Yeni qayda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısını, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.
Lakin valyutadəyişmə məntəqələrin açılmasına münasibət birmənalı deyil. Bəziləri bu məntəqələrin açılmasını sadə vətəndaş üçün lazımlı addım kimi dəyərləndirir. Bəzi fikirlərə görə isə, bu məntəqələrin iki il sonra fəaliyyətə başlanması yersiz narahatlıq yaradacaq.
İki ildir fəaliyyət göstərməyən məntəqələrin bazara yenidən daxil olmasının müsbət və mənfi tərəfləri ilə bağlı ekspertlərin fikirlərini təqdim edirik:
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov valyutadəyişmə məntəqələrinin banklardan, onların filiallarından və nümayəndəliklərindən kənarda açılmasının tərəfdarı olmadığını deyir: “Bunun acı nəticələrini 2015-ci ildə manatın iki kəskin devalvasiyası zamanı gördük. Heç bir banka aidiyyəti olmayan valyutadəyişmə məntəqələri valyuta bazarında yersiz gərginlik yaratmaqla on milyonlarla pul qazandılar. İtirən isə sadə insanlar və dövlət oldu. Bu səhvlərin təkrar olunmasına ehtiyac varmı? Kim zəmanət verir ki, neftin qiymətlərində kəskin azalmalar baş verəcəyi halda bu məntəqələr yenə də böyük spekulyasiya mərkəzinə çevrilməyəcəklər? Rusiyada, Türkiyədə və başqa ölkələrdə valyutadəyişmə məntəqələri bir qayda olaraq bankların özündə, onların filiallarında və ya nümayəndəliklərində fəaliyyət göstərir. Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir. Bu həm də ölkənin maliyyə təhlükəsizliyi, terrorun və başqa neqativ əməllərin maliyyələşdirilməsinin qarşısının alınması nöqteyi-nəzərindən də çox vacibdir”.
F.Yusifov onu da bildirib ki, iki ildir valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməməsi valyuta alıb-satmaqda çətinlik yaratmayıb: “İki ilə yaxındır ki, bu məntəqələr bağlanıb. Geridə qalan iki ildə nə baş verib? Bu gün kimsə hansısa bankda, onun filialında və ya nümayəndəliyində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alıb-satmaqda çətinlik çəkirmi? Mən deyərdim yox. Bəs onda biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq? Yeri gəlmişkən, hansı banka mənsub olduğu bilinməyən belə valyutadəyişmə məntəqələrində neqativ halların daha çox baş verəcəyi də istisna deyil. Belə məsələlərdə bankın məsuliyyəti ilə 6 kvadratmetr sahədə yerləşən müstəqil valyutadəyişmə məntəqəsinin məsuliyyəti eyni ola bilməz. Əgər, doğrudan da, ölkədə Bakı şəhəri də daxil olmaqla iri şəhərlərdə valyutadəyişmə məntəqələrinə təlabat artıbsa, onda vəziyyətdən çıxışın daha düzgün yolu konkret olaraq hansısa banklara məxsus bir neçə ixtisaslaşmış iri və çoxlu sayda müştəriyə eyni zamanda xidmət etmək iqtidarında olan valyutadəyişmə məntəqələrinin açılması daha uyğun hesab edilə bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, məntəqələrin fəaliyyətə başlamasının bir neçə müsbət tərəfi var: “Bu, ilk növbədə valyuta bazarında rəqabətin güclənməsinə imkan verəcək. Çünki bu məntəqələrin fəaliyyətə başlaması ilə valyuta dəyişmək imkanı daha çox qurum tərəfindən təklif ediləcək. Bu da nəticədə valyutanın alış və satış qiymətləri arasındakı fərqi kiçiltməyə imkan verəcək. Çünki bir sıra bank şöbələrində valyutanın alış-satış qiyməti arasında fərq böyükdür. Nəticədə vətəndaş valyutanı daha ucuz qiymətə satır, baha qiymətə alır. Bundan sonra isə vətəndaş daha uyğun qiymətlə valyuta alıb-satacaq. Məntəqələrin fəaliyyəti alış və satış imkanlarını da asanlaşdıracaq. Çünki bir sıra bankların bayram, şənbə və bazar günlərində işləməməsi valyuta dəyişdirilməsində çətinlik yaradırdı. Valyutadəyişmə məntəqələrinin qeyd etdiyimiz günlərdə də fəaliyyət göstərməsi bu problemi aradan qaldıracaq. Bu yerli sakinlərlə yanaşı, turistlərin yaşadığı çətinliyə son qoyacaq”.
Ekspert hesab edir ki, məntəqələrin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi baxımda da vacibdir: “Çünki bu məntəqələrin fəaliyyətə başlaması, həm də yeni iş yerlərinin yaranması deməkdir. Nəzərə alaq ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayanması təxminən 6 minə yaxın iş yerinin bağlanmasına səbəb olmuşdu. Yeni məntəqələrin fəaliyyətə başlaması iş yerlərin bərpa edilməsi deməkdir. Bu məntəqələrin fəaliyyəti ilə bağlı müəyyən edilən tələbləri də normal hesab etmək olar. 10 mindən artıq valyuta dəyişən zaman şəxsiyyət vəsiqəsinin tələbi, prosesin kamera ilə çəkilməsi və ən azı 3 ay saxlanması, sənədlərin elektron bazada 3 il saxlanması şərtlərini müsbət addımlar hesab edə bilərik. Lakin biz həm manat, həm də dollarda depozit şərtlərinin yüngülləşdirilməsinin tərəfdarıyıq. Digər şərtlər məqbul olsa da, yalnız depozit şərtlərinə yenidən baxıb, məbləği azaltmaq olardı”.
Valyuta dəyişmə mənqətələrin fəaliyyətə başlamasının bazarda xaos yaradacağı ilə bağlı fikirlərə münasibət bildirən ekspert, bu iddialarla razılaşmadığını deyib: “Qara bazar”ın valyutadəyişmə məntəqləri ləğv ediləndən sonra yarandığını unutmamalıyıq. Valyutadəyişmə məntəqələrini “qara bazar”la əlaqələndirmək doğru olmazdı. Valyutadəyişmə məntəqələri mövcud olduğu vaxtda “qara bazar”ın fəaliyyəti çox məhdud idi, çünki vətəndaş istədiyi valyutanı bu məntəqələrdə dəyişə bilirdi. Düşünmürəm ki, valyutadəyişmə məntəqələri “qara bazar” və ya dollara süni tələb formalaşdırsın. Bu məntəqələr rəqabəti dəstəklədiyi üçün onların fəaliyyətə başlaması daha məqbuldur”.
Qeyd edək ki, yeni qaydalara əsasən, bu məntəqələrdə valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla müəyyən olunacaq. Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər. Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır.
Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.
Yeni qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarından birinin tək formada aparılmasına yol verilə bilməz.
Publika.az©
"Exchance"lər "qara bazar"ı məhdudlaşdıra bilər - EKSPERT
15:24
5 Yan 2018