2018-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri 7,2% - 8 mlrd. 109,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
FED.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında əhalinin xarici valyutada əmanətləri 0,6% - 5 mlrd. 60,6 mln. manatadək və ya bütün əmanətlərin 62,4%-i səviyyəsində azalıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
2018-ci ilin yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 20,3% - 3 mlrd. 48,7 mln. manatadək (bütün əmanətlərin 37,6%-i) artıb.
30 iyun 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 379 mln. manat, qeyri-rezidentlərin - 730,3 mln. manat təşkil edir. Yanvar-iyun ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 8,2% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2% azalıb.
Ümumilikdə, 2018-ci il iyulun 1-nə banklarda əmanət və depozitlərin həcmi 20 mlrd. 439,1 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,8% azdır.**