Rusiyanın АКRА reytinq agentliyinin analitikləri Azərbaycanda manatın devalvasiyaya məruz qalacağını ehtimal etmirlər və onun məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırırlar.
"2022-ci ilin sonunadək manatın məzənnəsi sabit qalacaq, devalvasiya ehtimalı isə azdır", - deyə agentliyin Azərbaycan üzrə iqtisadi icmalında bildirilir.
FED.az xəbər verir ki, agentliyin qiymətləndirmələrinə görə, manatın devalvasiyasının ardınca inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin azalması prosesi 2017-2018-ci illərdə dayanıb. "Lakin tənzimləyicinin cari çevik məzənnə rejimini nə qədər saxlamağa nail olacağı məsələsi açıq qalır”, - deyə icmalda vurğulanır.
АКRА-da hesab edirlər ki, daha əlverişli xarici konyunktura tədiyə balansı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edir. 2017-ci ilin I rübündə tədiyə balansının saldosu ilkin gəlirlər üzrə ödənişlərin azalması sayəsində müsbət olub. АКRА cari əməliyyatlar hesabını 5–5,7% səviyyəsində proqnozlaşdırır. Bu, onunla şərtlənib ki, müsbət ticarət balansı mənfi ilkin gəliri üstələyir. Ticarət balansının müsbət zonaya çıxışı üçün Azeri Light” markalı neftin bir barelinin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib.
"Digər tərəfdən, proqnoz dövründə (2018-2022) dünya bazarında karbohidrogenin qiymətindəki ciddi dəyişikliklər milli valyutanın məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Yeni xarici iqtisadi şokların yaranması isə tədiyə balansının pisləşməsi ilə nəticələnə bilər (2018-ci ilin I rübünün yekunları üzrə ölkə ixracının 89%-ə qədəri neft, qaz və neft məhsullarının payına düşür”, - deyə sənəddə qeyd olunur.
Analitiklərin qiymətləndirmələrinə görə, inflyasiya gözləntilərinin zəifləməsini, artım templərinin ləngiməsini, eləcə də Azərbaycanın beynəlxalq ehtiyatların həcminə görə ölkənin 8-9 ay ərzində ümumi idxalına (2022-ci ilin sonuna bu göstərici üzrə proqnoz $8,5 mlrd. təşkil edir) uyğun səviyyəyə çatmasını nəzərə alaraq, manatın dollara nisbətən məzənnəsi sabit - 1,66–1,73 diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manatadək möhkəmlənəcək.*
İnterfax-Azərbaycan