“İqtisadi sahədə ixracat, xüsusilə Pakistandan Azərbaycana ixracla bağlı daha çox potensialın olduğu fikrindəyəm. Düşünürəm ki, biz bu imkanlardan lazımınca istifadə edə bilərik. Amma bunun üçün biznes investisiyaları da artırılmalıdır. Məhz bundan sonra iki ölkə arasında iqtisadi əlaqələr daha da güclənəcək”.
Eləcə də bax: Pakistan Azərbaycana manqo - İxrac Edəcək
Eləcə də bax: Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası - Yaradılıb
FED.az xəbər verir ki, bunu “vergiler.az”a açıqlamasında İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Muhammad Shakeel Munir deyib.
O qeyd edib ki, altı mindən çox üzvü olan, metal, aqrar, turizm, informasiya texnologiyaları sahələri üzrə fəaliyyət göstərən şirkətlərin təmsil olunduğu İslamabad Ticarət və Sənaye Palatasının nümayəndələrinin Azərbaycana səfərinin əsas məqsədi hər iki ölkədən olan şirkətlər arasında əməkdaşlığı gücləndirmək, onların bir-birini tanımasına, gələcək əməkdaşlığın bünövrəsinin qoyulmasına şərait yaratmaqdır.
Munir həmçinin bildirib ki, Pakistanın Azərbaycana bir çox məhsulların, o cümlədən tikinti materiallarının, tekstil mallarının ixracı üçün böyük potensialı var. “Hesab edirəm ki, Pakistanın dünyaca məşhur manqosu da Azərbaycanda istehlakçıların tələbatını yetərincə ödəyə bilər. Bu səbəbdən də, əminəm ki, yaxın gələcəkdə ixracla bağlı müvafiq razılaşmaların əldə edilməsinə nail ola bilərik. Onu da vurğulamaq istərdim ki, hazırda ölkələrimiz arasında ixrac potensialından istifadə səviyyəsi heç də qənaətbəxş deyil. Bunun əsas səbəbi nəqliyyat xərclərinin yüksək olmasıdır və bu problem biznesmenləri bir qədər narahat edir. Düşünürəm ki, ixracın artırılması məsələsi, xüsusilə nəqliyyat xərclərinin azaldılması ilə bağlı tərəflər arasında qarşılıqlı görüşlər keçirilməli, həll yolları tapılmalıdır” – deyə, o əlavə edib.
Palatanın prezidenti bildirib ki, Pakistanın biznes nümayəndələri azərbaycanlı tərəfdaşları ilə biznes qurmaqda çox maraqlıdırlar. Tikinti materialları və tekstil sahələri pakistanlı iş adamlarını maraqlandıran ən əsas investisiya sahələridir. Nəzərə alsaq ki, Pakistanın düyü ixracı üzrə potensialı çox yüksəkdir, bu baxımdan biznesmenlərimiz bu sahədə də iş aparmağa həvəslidirlər.
Muhammad Shakeel Munirin sözlərinə görə, Pakistan azad edilmiş ərazilərə daha çox investisiya yatıra bilər. Pakistanlı iş adamları bu ərazilərdə, əsasən, tikinti malları üzrə investisiya yatırmağa maraqlıdırlar.