İdxalı əvəz edən və ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli yeni istehsal və emal müəssisələrinin qurulması ilə bağlı təhlillər aparılıb.
FED.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu araşdırmaların nəticəsində ölkədə istehsalı olmayan, idxal həcmi çox olan, xammal potensiallı, həmçinin emal sənayesinin alt sahələrinin inkişafı üçün zəruri məhsullar müəyyən edilib.
Araşdırmalar göstərir ki, bu məhsullara daxili və xarici bazarlarda kifayət qədər tələbat var və onların ölkəmizdə istehsal xərcləri, o cümlədən işçilərə çəkilən xərclər, xammalın əldə olunması ilə bağlı qiymətlər, məhsula sərf olunan enerjinin qiyməti kimi əsas göstəricilər digər ölkələrlə müqayisədə daha səmərəlidir.
Artıq bu məhsullardan daş yun, badam südü və zeytun yağı istehsalı üzrə fundamental əsaslandırmalar, investisiya xərcləri, proqnozlaşdırılan gəlir kimi məlumatları özündə əks etdirən maliyyə texniki iqtisadi əsaslandırmalar hazırlanıb. İnvestisiya qoyuluşu üçün yeni sahələr axtarışında olan sahibkarlar müvafiq maliyyə texniki iqtisadi əsaslandırmalarla aşağıdakı linkə daxil olmaqla tanış ola bilərlər: https://smb.gov.az/az/nav/kob-lar-ucun-faydali
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə müqayisəli üstünlüyə malik sahələr üzrə istehsalı olmayan məhsulların istehsalının təşkili, idxalı əvəz edən məhsul istehsalı zəncirinin qurulması məsələsi də öz əksini tapıb.