2022-ci ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 239 milyon 115,02 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 17% çoxdur.
Eləcə də bax: Xarici ticarətdə 10 milyard dollardan çox profisit! - YENİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,03%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $271 milyon 51,69 min dəyərində (azalma 7%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 1,76%-i Rusiyanın payına düşüb.
Yanvar-may aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $968 milyon 63,33 min (artım 26%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 17,48% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $697 milyon 11,64 min təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur. (İnterfaks-Azərbaycan)