Bu ilin yanvar-mart aylarında Azərbaycan mal və xidmətlərin ixracı üzrə Özbəkistanın TOP-20 tərəfdaş ölkəsi siyahısına daxil olub.
FED.az xəbər verir ki, Özbəkistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, hesabat dövründə Azərbaycan 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 18-ci yerdən 3 pillə yüksələrək, ixracda Özbəkistanın tərəfdaş ölkələri arasında 15-ci yerdə qərarlaşıb.
İlin birinci rübündə Özbəkistandan Azərbaycana dəyər ifadəsində ixrac ötən ilin yanvar-mart ayları ilə müqayisədə 44,3 % artaraq 36 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə Rusiya, Çin, Türkiyə, Qazaxıstan, Fransa, Əfqanıstan və Tacikistana edilən ixracın ümumi payı isə 35,9 % təşkil edib.
İxracın strukturunda nəzərdən keçirilən dövrdə Özbəkistandan meyvə-tərəvəz tədarükü 3,4 % (219,8 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart aylarının göstəricisindən 20,7 % çoxdur. Eyni zamanda, göstərilən müddətdə Özbəkistandan Azərbaycana 3 min ton dəyərində (5 milyon ABŞ dolları) meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu tədarüklərin ümumi həcmində Azərbaycanın payı 2,3 % təşkil edib.
2024-cü ilin yanvar-mart aylarında Özbəkistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 5 milyard 98,5 milyon ABŞ dolları, ondan ixracın həcmi 1 milyard 718,9 milyon ABŞ dolları, idxalın həcmi isə 3 milyard 379,6 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin ən böyük həcmi Rusiya (54,9 %), Qazaxıstan (18,4 %) və Türkmənistanda (4, 6%) qeydə alınıb. Azərbaycanın payı 0,9 % təşkil edib. (Report)