Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.
Eləcə də bax: Bakıda şəhərə çıxmaq üçün saxta icazə arayışı - CƏMİ 20 MANATA
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətlərindən birgə məlumatda qeyd olunub ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırlan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar. Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir.