Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəalityyət göstərən «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» Publik Hüquqi Şəxsi ilk dəfə olaraq 2024-cü il üzrə fəaliyyəti ilə bağlı maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabata əsasən 2024-cü ildə «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» Publik Hüquqi Şəxsin gəlirləri 9,4 milyon manat təşkil edib.
Bundan 5,5 milyon manat hökumət tərəfindən ayrılan subsidiyalar, 3,9 milyon manat isə sahibkarnlıq fəaliyyətindən gəlirlərdir. Qurumun illik xərcləri isə 5,9 milyon manat təşkil edib.
Bunun 2 milyon 257 min manatı əmək haqqı xərcləri, 552 min manatı isə sosial sığorta xərcləridir. Ötən il Publik Hüquqi Şəxs abadlaşdırmaya 680 min manat, geoloji-kəşfiyyat və topoyqafiya işlərinə 654 min manat, tədbirlərin keçirilməsinə isə 539 min manat xərcləyib.
2024-cü ildə köhnəlmə və amortizasiya xərcləri 350 min manat, kommunal xərclər 221 min manat olub. Qurum bir il ərzində mühafizə xidmətinə 186 min manat, inzibati ofis xərclərinə 101 min manat sərf edib.
İlk ərzində toplanan 3 milyon 525 min manat mənfəətin 315 min manatı mənfəət vergisi kimi ödənilib. Nəticədə qurum 2024-cü ili 3 milyon 173 min manat xalis mənfəətlə tamamlayıb.
2024-ci ilin sonuna «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» Publik Hüquqi Şəxsin aktivləri 25 milyon 588 min manat olub. Bunun 9,2 milyon manatı uzunmüddətli aktivlər – əmlak tikinti və avadanlıqlar, eləcə də bu maddə üzrə alınan avanslar olub.
Cari (qısamüddətli) aktivlər isə 16,4 milyon manat olub.
Bundan 14,8 milyon manatı pul vəsaitləri, 499 min manatı qurumun alacağı debitor borclar, 935 min manat isə avans ödənişləri olub.
İlin sonuna qurumun öhdəlikləri 12,4 milyon manat, kapitalı isə 13,2 milyon manat olub.
Öhdəliklərin əsas hissəsi – 10,5 milyon manat təxirə salınmış gəlirlərdir.
Yeni yaranmasına baxmayaraq «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» Publik Hüquqi Şəxsi kredit götürməyə də imkan tapıb – öhdəliklərin 562 min manatı kredit borclarıdır.
Kapital isə 13,2 milyon manat olub ki, onun da 500 min manatı nizamnamə kapitalı, digər hissə yaradılmış ehtiyatlar və bölüşdürülməmiş mənfəətdir.



















