Azərbaycanda telekommunikasiya xidmətləri həyata keçirən şirkət “BeeOnline” ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-cü ildə 541 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə 510 min manat zərər etmişdi.
Hesabat ilin şirkət əsas əməliyyat gəlirini son bir ildə 478 min manat, başqa sözlə 23 faiz artımla 2 milyon 553 min manata çatdırıb.
Əsas əməliyyat xərclərini 588 min manat 23 faiz azaltmaqla 2 milyon 13 min manata endirib.
"BeeOnline"nin sair gəlirləri son bir il ərzində 15 min 116 manat 20,4 dəfə azalmaqla cəmi 780 manata düşüb.
Yekunda həm əməliyyat zərəri, həm xalis zərər 2022-ci ildə 508 min olarkən, 2023-cü ildə bu rəqəm 541 min manat mənfəətə çevrilib.
Xərcləridən amortizasiya ayırmaları 522,3 min manat, işçilərə ödənilən əməkhaqqı 189,3 min manat, işçilərə ödənilən əməkhaqqı sosial sığorta ayırmaları 36,8 min manat təşkil edib. İllik müqayisədə amortizasiya ayırmaları 211,1 min manat (68%), işçilərə ödənilən əməkhaqqı 22,4 min manat (13%), sosial sığorta ayırmaları 3,6 min manat (11%) artıb.
Xammal və materiallarla bağlı xərclər 269,4 min manat (11,5 dəfə) azalaraq 25,7 min manata düşüb, malın dəyəri ilə bağlı xərclər 950 min manat (10,4 dəfə) artaraq 1 milyon 51 min manata yüksəlib.
Şirkətin sığorta xərcləri də 4,6 min manat (2,5 dəfə) artaraq 7,7 min manata yüksəlib.
2023-cü ildə "BeeOnline" 2 milyon 209 min manat cəmi aktivlərə malik olub. Aktivlər 2022-ci ilin sonu ilə müqayisədə 1 milyon 342 min manat (38%) azalıb.
Öhdəliklər də eyni səviyyədə azalaraq 2 milyon 205 min manata düşüb.
Nəticədə balans kapitalı dəyişməyərək 4 milyon manat olaraq qalıb.
Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” abunəçilərə müxtəlif telekommunikasiya xidmətləri təklif edən internet şirkətidir.