“Silk Way West Airline” ( Silk Vey Vest Aviaşirkəti MMC) 2024-cü ilin mayında iki səhmdarına ümumilikdə 10 milyon 514 min manat həcmində dividend ayırıb.
FED.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Məlumata görə 2024-cü ilin may ayına qədər Qrup “Silk Way Airlines” MMC və “Silk Way Development” MMC-yə müvafiq olaraq 10 milyon 303 min manat və 211 min manat məbləğində dividendlər elan edib.
Şirkət bildirir ki, qeyd edilən məbləğlər hər iki səhmdara ödənilib.
Bununla belə 2023-cü ildə dividend ödənişi olmayıb. 2022-ci ildə 127 milyon 538 min manat dividiend ödənişi həyata keçirilib.
“Silk Way West Airline” 2023-cü ildə xalis mənfəəti öncəki illə müqayisədə 11,5 dəfə azalaraq 82 milyon 54 min manata düşüb. 2022-ci ildəki göstərici 939 milyon 878 min manat idi.
Bölüşdürülməmiş mənfəətin həcmi 82 milyon 818 min manat (8,4%) artaraq 1 milyard 70 milyon 962 min manata yüksəlib.
Şirkətin işçilərinin sayında son bir il ərzində 48 nəfər (4,5%) artım qyedə alınıb və 1075-dən 1123-ə yüksəlib.