“Abşeron E.İ.Ş” MMC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən il su, qaz və elektrik sayğaclarının satışından 13 milyon 178 min manat gəlir əldə edib. Satışın maya dəyəri isə 12 milyon 100 min manata bərabər olub. İllik müqayisə ilə cəmi gəlirlər 2 milyon 129 min manat (19,3%), satışın maya dəyəri 1 milyon 780 min manat (17%) artıb.
Ümumilikdə isə şirkətə 1 milyon 78 min manat ümumi mənfəət qalıb ki, bu da illik müqayisədə 348 min manat (48%) çoxdur.
Hesabat dövründə şirkətin inzibati xərcləri 104,3 min manat, sair əməliyyat xərcləri 83,5 min manat, əməliyyat mənfəəti 890,3 min manat, mənfəət vergisi xərci 185,9 min manat təşkil edib.
İllik müqayisə ilə inzibati xərcləri 46,8 min manat (81,4%) artıb, sair əməliyyat xərcləri 9 min manat (10%) azalıb, əməliyyat mənfəəti 299,1 min manat (51%), mənfəət vergisi xərci 62,7 min manat (51%) artıb.
“Abşeron E.İ.Ş” MMC ötən ili ümumilikdə 704,5 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci ilə nisbətən 236,5 min manat (51%) çoxdur.
“Abşeron E.İ.Ş” MMC ötən il 16 milyon 505 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 150 min manat (34%) artıb.
Şirkətin öhdəlikləri 3 milyon 950 min manat və ya 2,8 dəfə artaraq 6 milyon 139 min manata çatıb.
Balans kapitalı 10 milyon 365 min manata bərabər olub ki, bu da illik müqayisədə 199 min manat (2%) artım deməkdir.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi də 199 min manat (3%) artıb və 7 milyon 379 min manat təşkil edib.
Nizamnamə kapitalında dəyişiklik olmayıb və 131 min 966 manat olaraq qalıb.
Bildirək ki, «Аbşeron» elm-istehsalat müəssisəsi su sərfiyyatının uçotu cihazlarının işlənib hazırlanması və istehsalı ilə 30 ildən artıq məşğul olur.