Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2022-ci ili zərərlə başa vurub.
FED.az xəbər verir ki, Agentliyin hesabatına əsasən ötən il ADRA-nın əsas gəlir maddəsi – reklam yayım haqları üzrə gəlirləri 150 min manat və ya 2% artaraq 6 ilyon 120 min manata yüksəlib. Digər gəlirlər isə cəmi 150 manat olub. Halbuki, 2021-ci ildə bu rəqəm 470 min manat idi.
Nəticədə Agentliyin cəmi gəlirləri 320 min manat və ya 5% azalaraq 6 milyon 120 min olub.
Gəlirlərin azalması ilə yanaşı, Agentliyin xərcləri də kəskin artıb. 2022-ci ildə ADRA-nın xərcləri 900 min manat artaraq 2021-ci ildəki 5,5 milyon manatdan 6,4 milyon manata yüksəlib.
Xərclərin artımı demək olar ki, bütünlüklə əmək haqlarının artımı ilə bağlıdır – 2021-ci ildə ADRA öz əməkdaşlarına 3,7 milyon manat maaş ödədiyi halda 2022-ci ildə bu rəqəm 4,7 milyon manata yüksəlib.
Nəticədə Agentlik 2022-ci ili 254 min manat xalis zərərlə başa vurub.
2021-ci ildə is ADRA mənfəət əldə etmişdi – 932 min manat.
2022-ci ildə ADRA-nın aktivləri təqribən 500 min manat azalaraq 7,7 milyon manatdan 7,2 milyon manata düşüb.
Qurumun uzunmüddətli aktivləri, yəni mal-materialı dəyişməyib – 5,8 milyon manat həcmində qalıb.
Əvəzində pul vəsaitləri və debitor borcları ümumilikdə 450 min manat yaxın aşağı düşüb.
2022-ci ilin nəticələrinə görə ADRA-nın öhdəlikləri demək olar ki, yoxdur – 287 min manat. 2021-ci ildəki 470 min manatdan 200 min manat daha azdır.
Əvəzində ötən il ADRA-nın kapitalı 250 min manat azalaraq 7,22 milyon manatdan 6,97 milyon manata enib.