"Holcim (Azərbaycan)" ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, sement şirkətinin müştərilərlə müqavilələrdən gəlirləri ötən il 210,8 min manata bərabər olub. Ötən ilə nisbətən gəlirlər 44,3 min manat (26,6%) artıb. Gəlirlərin artım tempi satışın maya dəyərinin (104,2 min manat) artım tempini üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 106,6 min manata yüksələrək 26,2 min manat (32,6%) artıb.
Hesabat ilində şirkətin paylama xərcləri (41,3 min manat), ümumi və inzibati xərclər (24,3 min manat) və satış xərcləri (6,7 min manat) da artıb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 34,6 min manata yüksəlib ki, bu da illik müqayisədə 9,7 min manat (39%) artım deməkdir.
Şirkəy maliyyə xərclərini 7 min manata endirərək 0,5 min manat (6,6%) azaltmağa nail olub.
Bu amillərin birgə təsiri ilə şirkətin vergidən əvvəlki mənfəəti 27,5 min manata yüksələrək 10,2 min manat (59%) artıb.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 19,5 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 6,6 min manat və ya 51,2% daha çoxdur.
Ötən il "Holcim (Azərbaycan)"ın cəmi aktivləri 296,7 min manat təşkil edib. 2023-cü ilə nisbətən aktivlər cüzi 3,0 min manat və ya 1% azalıb
Cəmi uzunmüddətli aktivlər 242,3 min manata bərabər olub. İllik müqayisədə 3,8 min manat (1,5%) azalma baş verib.
Cəmi qısamüddətli aktivlər isə 54,4 min manata yüksələrək 1,2 min manat (2,3%) artıb. Bu artımın əsas səbəbi, vergiyə dair debitor borclarının 3,3 min manata çataraq 1,7 min manat və ya 2,1 dəfə artmasıdır.
Cəmi kapital 149,7 min manata bərabər olub. İl ərzində kapitalda 4,6 min manat (3,2%) artım baş verib. Bu artım, birbaşa olaraq şirkətin bölüşdürülməmiş mənfəətinin 114,6 min manata təşkil etməsi və bu mənfəətin illik 8 min manat (7,5%) artması hesabına baş verib.
Sement şirkətinin cəmi öhdəlikləri 147 min manata bərabər olub. İl ərzində öhdəliklərdə 7,6 min manat (4,9%) azalma qeydə alınıb. Bu azalma əsasən qısamüddətli öhdəliklərin 130,5 min manata enərək 23,1 min manat (15,0%) azalması hesabına baş verib.