Araq, konyak, şampan məhsulları istehsal edən və "Xan" brendi ilə tanınan "Göygöl Şərab Zavodu" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, zavod ötən il satışdan 15 milyon 672 min manat gəlir əldə edib. Gəlirlər illik müqayisədə 619 min manat və ya 4% artıb.
Sair əməliyyat gəlirləri də 1,4 min manat (0,1%) artaraq 1 milyon 201 min manata çatıb.
Şərab zavodunun ümumi gəlirləri 16 milyon 873 min manata bərabər olub ki, bu da illik müqayisədə 621 min manat yaxın və 3,8% artım deməkdir.
Zavodun cəmi əməliyyat xərcləri 1 milyon 542 min manat (9,3%) artaraq 18 milyon 209 min manata çatıb.
Xərclərin gəlirləri üstələməsi səbəbi ilə zavod 1 milyon 336 min manata yaxın əməliyyat zərər edib. Bu zərər 2022-ci ilə nisbətən 921 min manat və ya 3,2 dəfə çoxdur.
Zavodun fövqəladə gəlirləri 45,3 min manata, xərcləri 115,7 min manata çatıb. İllik müqayisədə gəlirlər 40,4 min manat (9,4 dəfə) artıb, xərclər isə 263,5 min manat (3,3 dəfə) azalıb.
"Göygöl Şərab Zavodu" ötən ili 1 milyon 406 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 789 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Göygöl Şərab Zavodu"nun xalis zərəri 617 min manat və ya 78,2% artıb.
"Göygöl Şərab Zavodu" 2023-cü ildə 66 milyon 285 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 828,7 min manat (1,3%) artıb.
Öhdəliklər 4 milyon 621 min manat (23%) artaraq 24 milyon 586 min manata çatıb, balans kapitalı isə 3 milyon 793 min manat (8,3%) azalaraq 41 milyon 699 min manata düşüb.