Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, agentlik əvvəlki illərdən fərqli olaraq bu dəfə maliyyə nəticələrini yarımçıq şəkildə açıqlayıb – dövlət qurumu 32 səhifəlik maliyyə hesabatının yalnız 6 səhifəsini ictimaiyyətə təqdim edib, hesabatın qalan hissəsi gizli saxlanılıb.
MİDA-nın yarımçıq hesabatına əsasən, 2024-cü ildə agentliyin aktivləri daha da artaraqa yarım milyard manatı keçib – 517 milyon manat. Bunun 114 milyon manatı uzunmüddətli aktivlər, 403 milyon manat isə qısamüddətli aktivlərdir.
Hesabatın açıqlanan hissəsindən aydın olur ki, MİDA 2024-cü ildə maliyyə vəsaitlərinin idarə edilməsində siyasəti dəyişib. Əvvəllər müxtəlif qurumların istiqrazlarına yatırım edən agentlik bu dəfə həmin yatırımları 2 dəfə – 205 milyon manatdan 97 milyon manatadəka – azaldaraq geri çəkdiyi pulu – 106 milyon manatı banklara depozit kimi yatırıb.
Yeri gəlmişkən, Agentlik həmin vəsaitlərin hansı banklara yatırıldığını və bankların seçim prosedurlarını gizli saxlayıb.
Bundan başqa, 2023-cü ilin sonunda MİDA-nın əlində 228 milyon manat nağd pul və ekvivalenti vardısa, 2024-ün sonunda agentlik bunu 110 milyon azaldaraq həmin vəsaitləri detallar açıqlanmayan «Sair aktivlər»ə keçirib.
Eləcə də MİDA 2024-cü ildə 63 milyon manat borc ayırıb.
Ümumilikdə bu əməliyyatlar nəticəsində MİDA-nın qısa müddətli aktivləri 2023-ün sonundakı 229 milyon manatdan 2024-ün sonunda 403 milyon manat yüksəlib, uzunmüddətli aktivlər isə 222 milyon manatdan 114 milyon manata enib.
Qurumun öhdəlikləri cüzidir – 38,8 milyon manat, onun 35 milyon manatı ticarət və digər kreditor borclardır.
MİDA-nın kapitalı isə dövlət büdcəsindən ayırmalarla daha 60 milyon manat artaraq 417 milyon manatdan 478 milyon manata yüksəlib.
2024-cü ildə Agentlik dövlətdən yarmı almayıb. İnzibati və ümumi xərcləri isə 4,3 milyon manat olub. Maliyyə aktivləri üzrə dəyərsizləşmənin bərpasını (330 min manat) nəzərə aldıqda qurum 2024-cü ili 3,9 milyon manat əməliyyat zərəri ilə başa vurub.
Əvəzində MİDA 12,5 milyon manat maliyyə gəliri əldə edib – bu məbləğ həm əməliyyat zərərini, həm də kreditlərin ədalətli dəfəri üzrə zərəri (7,1 milyon manat) bağlamağa imkan verib, üstəlik agentliyi mənfəətə çıxarıb.
Nəticədə 2024-də MİDA-nın mənfəəti 4,4 milyon manat, 1,7 milyon manatlıq mənfəət vergisi ödənişini nəzərə aldıqda isə xalis mənfəəti 2,7 milyon manat olub.
Bu 2023-cü ilin nəticələrindən 3 dəfə aşağıdır - bir il əvvəl xalis mənfəət 8,1 milyon manat olmuşdu.
Hesabatdan aydın olur ki, MİDA 2024-cü ildə «MİDA» MMC-yə (MİDA-nın tikinti layihələri üzrə operatorudur) daha az ödəniş edib. 2023-cü ildə 185 milyon manatlıq ödəniş edildiyi halda 2024-cü ildə bu rəqəm 120 milyon manata enib.