Azərbaycanda dövlət xətti ilə güzəştli və adi ipoteka kreditərinin ayrılmasıvə biznes qurumlarına kredit zəmanətinin verilməsi fəaliyyəti ilə məşğul olan İpoteka və Kredit Zəmanət Fondu 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ilin sonuna fondun ayırdığı ipoteka kreditərinin həcmi 1 milyard 708 milyon manata yüksəlib. Təkcə ötən il fond 300 milyon manata yaxın ipoteka krediti ayırıb.
İl ərzində fondun indiyədək ayrılmış kreditlər üzrə faiz gəlirləri 66 milyon manata çatıb. Bu əvvəlki illə müqayisədə təqribən 9 milyon manat artıqdır.
İpoteka fondu bu kreditlərin verilməsi üçün mütəmadi olaraq istiqrazlar buraxır və istiqraz sahiblərinə faizlər ödəyir.
Hesabatdan aydın olur ki, 2022-ci ildə fondun faiz xərcləri 35,5 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 7 milyon manat və ya 20% artıqdır.
Nəticədə 2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun xalis faiz gəlirləri 2,75 milyon manat və ya 9,9%, artaraq 30,5 milyon manat olub.
Fondun cəmi əməliyyat gəlirləri 30%, yəni 7 milyon 106 min manata yaxın artıb və 30,8 milyon manat olub.
Ümumi və inzibati xərclərin payına 4 milyon 764 min manat düşüb ki, bu göstərici də son bir ildə 6,8% yaxud 305 min manat artıqdır.
Nəticədə 2022-ci ildə qurumun illik xalis mənfəəti 20 milyon 481 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 6 milyon 435 min manat, yəni 45,8% artıqdır. Xatırladaq ki, 2021-ci ildə qurumun xalis mənfəəti 14 milyon manat təşkil etmişdi.
2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun şirkətinin aktivləri 19,3%, yaxud 387,8 milyon manat artaraq 2 milyard 400 milyon manat təşkil edib.
Aktivlərin əsas hissəsi ipoteka kreditlərinin payına düşür. İpoteka kreditləri 1 milyard 708 milyon 115 min manat təşkil edir ki, bu da son bir ildə 21,2%, yəni 298 milyon manat artım deməkdir.
Maliyyə icarəsi üçün alınacaq vəsaitlər isə 303 milyon manatdır. Bu göstərici 2021-ci illə myüqayisədə 2,2 dəfə artıb.
2022-ci ilin sonunda İpoteka Fondunun portfelində 212 milyon manatlıq satmaq öhdəliyi ilə kirayəyə verilən evlər (kirayə üsulu ilə satılacaq evlər) olub. 2021-ci illə müqayisədə bu portfel təqribən 31 milyon manat kiçilib, bu böyük ehtimalla kirayəyə götürülən evlərin vaxtından əvvəl alınması ilə bağlılır.
2022-ci ildə İpoteka Fondunun öhdəlikləri təqribən 283 milyon manat və ya 25,4 artaraq 1 milyard 394 milyon manata yüksəlib. Öhdəliklərin böyük hissəsi – 1 milyvard 368 milyon manatı və ya 98%-i fondun buraxdığı istiqrazlardır. Yeri gəmlişkən, fond bu istiqrazları illik 3%-lə yerləşdirir, əldə edilən vəsaitlərlə ipoteka kreditləri ayırır və ya mənzillər alaraq sonradan satmaq hüququ ilə kirayəyə verir.
2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 105 milyon 252 min manata yaxın və ya 11,7% artaraq təxminən 1 milyard 5 milyon 916 min manata yüksəlib.
Qurumun nizamnamə kapitalı 11,9% başqa sözlə 95 milyon manat artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.