İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayının ilkin rəqəmləri açıqlanıb.
FED.az xəbər verir ki, buraxılışa, əsasən, 2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.
2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3%, qara metallardan məmulatların ixracı 13,3%, meyvə-tərəvəz ixracı isə 8,7% artıb.
2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2% artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 201 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib