Azərbaycanın tanınmış mebel istehsalçılarından olan «Savalan» ASC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ASC ötən il əsas əməliyyatlardan 702,9 min manat gəlir əldə edib, satışın maya dəyəri isə 466,1 min manata bərabər olub.
İllik müqayisə ilə gəlirlər 652 min manat (13,8 dəfə), maya xərci isə 35,3 min manat (8,2%) artıb.
Bununla belə şirkətin ümumi mənfəəti 143,1 min manat və ya 37,7% azalaraq 236,9 min manata düşüb.
2022-ci ildə ASC-nin daşınmaz əmlakın icarəsindən 563,8 min manat gəliri olsa da 2023-cü ilin sonuna olmayıb.
Gəlirdən çıxılan vergilər və yığımları 24,1 min manata bərabər olub ki, bu da 2022-ci illə müqayisədə 1,1 min manat və ya 4,8% çoxdur.
42,6 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət ötən ili ümumilikdə 170,2 min manat xalis mənfəətlə başa vurub.
Son bir ildə mənfəət vergisi ödəmələri 10,8 min manat (34%), xalis mənfəət isə 43,1 min manat (34%) artıb.
"Savalan" ASC ötən il 1 milyon 960 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 179 min manat və ya 10,1% artıb.
Öhdəliklər 8,6 min manat və ya 33,2% artaraq 34,5 min manata yüksəlib.
Balans kapitalı isə 1 milyon 926 min manata bərabər olub ki, bu da illik müqayisədə 170 min manat və ya 9,7% çoxdur.
1998-ci ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 416 min 824 manat nizamnamə kapitalına malik olan "Savalan" ASC-nin direktoru Əzizağa Zeynalovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci önünə, ev 19-dur.
Qeyd edək ki, «Savalan» Açıq Səhmdar Cəmiyyəti keçmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında yaradılıb.