Gəncənin ən böyük otellərindən olan «Gəncə» mehmanxanasının sahibi «Gəncə-Mehmanxana» ASC 2023-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabatdan aydın olur ki, «Gəncə-Mehmanxana» ASC-nin 2023-cü il ərzində ümumilikdə cəmi 170 min manat gəliri olub. 2022-ci ildə gəlirlər daha az idi – 142 min manat.
Bu dövrdə satışın maya dəyəri isə 237 min manat təşkil edib. Nəticədə Otelin 2023-cü il üzrə ümumi zərəri 67 min manat təşkil edib.
2023-cü ildə «Gəncə-Mehmanxana» ASC digər gəlirlər kimi 21,5 min manat da qazanıb, eyni zamanda 7,7 min manat inzibati xərcləri olub.
Nəticədə otel ili 53,7 min manat əməliyat zərəri ilə başa vurub. Bu dövrdə mənfəət vergisi də ödənilməyib və nəticədə otelin xalis illik zərəri də 53,7 min manat olub.
Qeyd edək ki, «Gəncə-Mehmanxana» ASC 2022-ci ili də təqribən eyni göstəricilərlə və 77,8 min manat zərərlə başa vurub.
Hesabatdan aydın olur ki, 2023-cü ildə «Gəncə-Mehmanxana» ASC-nin aktivləri bir qədər azalaraq 1 milyon 686 min manata düşüb. Bunun 773 min manatını uzunmüddətli aktivlər, 913 min manatını qısamüddətli aktivlər təşkil edir.
Qısamüddətli aktivlər təqribən 100 min manat və ya 10% azalıb, uzunmüddətli aktivlərdə isə 62 min manat və ya 9% artım var.
Hesabatdan aydın olur ki, 2023-cü ilin sonuna «Gəncə-Mehmanxana» ASC-nin 1 milyon 346 min manat borcu var. Bunun 17 min manatı vergi borcu, 1 milyon 330 min manatı isə kredit borclarıdır.
Şirkətin kapitalı dəyişməyib və 356 min manat təşkil edir.