Azərbaycanın ən böyük avtomobil və texnika istehsalçısı olan «Gəncə Avtomobil Zavodu» 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il zavodun satışları azalıb, mənfəəti aşağı düşüb, əvəzində müəssisə öhdəliklərini azaldıb, borclarının bir hissəsini bağlayıb.
Hesabata əsasən, 2023-cü ildə «Gəncə Avtomobil Zavodu»nun satışları 131 milyon manat olub, 2022-ci illə müqayisədə – hansı ki, satışlar 156 milyon manat idi – müəssisənin satışları 20%-ə yaxın azalıb.
Şirkətin kommersiya xərcləri dəyişməyib, əvəzində inzibati xərcləri 200 min manat azalaraq 3,6 milyon manatdan 3,4 milyon manata enib. Sair əməliyyat xərcləri də 150 min manat azalaraq 3 milyon manatdan 2,86 milyon manata düşüb.
Nəticədə 2023-cü ilin sonuna «Gəncə Avtomobil Zavodu»nun əməliyyat mənfəəti 7 milyon manat (2022-ci ildə 7,6 milyon manat olmuşdu), mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti isə 5,6 milyon manat təşkil edib. 2022-ci ildə müqayisədə xalis mənfəət 0,5 milyon manat azalıb.
2023-cü ildə «Gəncə Avtomobil Zavodu»nun aktivləri 20 milyon manat azalaraq 88 milyon manatdan 68 milyon manata düşüb. Azalmanın 3 milyon manatı torpaq, tikili və avadanlıqlar hesabına olub.
Bundan başqa, zavod 2022-ci ildən qalan 11 milyon manat debitor borclarının 4 milyon manatını toplayaraq 7 milyon manata endirib.
«Gəncə Avtomobil Zavodu»nun öhdəlikləri də kəskin azalaraq 66 milyon manatdan 40 milyon manata düşüb. Zavod ötən il təqribən 1 milyon manat vergi borclarını qaytarıb. Eləcə də sair öhdəliklərini 35 milyon manat azaldaraq 39 milyondan 4 milyon manata endirib. Əvəzində təqribən 4 milyon manat kredit alıb, eləcə də faizlə götürdlüyü məbləği 5 milyondan 12 milyon manata qaldırıb.
Nəticədə 2023-cü ilin sonuna «Gəncə Avtomobil Zavodu»nun kapitalı təxminən 5 milyon manat artaraq 23 milyondan 28 milyon manata yüksəlib.