“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarını təqdim edib.
FED.az xəbər verir ki, hesabata əsasən, şirkətin gəlirləri azalsa da, xərclərə daha effektiv nəzarət nəticəsində mənfəət göstəriciləri ötən illə müqayisədə demək olar ki, stabil qalıb.
Gəlirlər:
Enerji satışı üzrə gəlirlər 255,6 milyon manat (15,2%) azalaraq 1 milyard 430 milyon manat təşkil edib.
Elektrik şəbəkəsinə qoşulma haqları 1,2 milyon manat olub ki, bu da illik 1,8 milyon manat (59,3%) azalmadır.
Digər satışlar isə 10 dəfə artaraq 37,5 milyon manata çatıb.
Nəticədə, cəmi gəlirlər 1 milyard 468 milyon manat təşkil edib. Bu da son bir il ərzində 223,7 milyon manat (13,2%) azalma deməkdir.
Əməliyyat Xərcləri:
Yanacaq xərci 123,4 milyon manat (15,3%) azalaraq 686 milyon manat olub.
Köhnəlmə və amortizasiya xərcləri 14,3 milyon manat (5,1%) artaraq 293 milyon manata çatıb.
İşçi xərcləri 21,4 milyon manat (20,4%) artaraq 126 milyon manat təşkil edib.
Təmir və texniki xidmət xərcləri 53,3 milyon manat (44,3%) azalaraq 67 milyon manat olub.
Mənfəət vergisindən başqa digər vergilər 600 min manat (2,2%) azalaraq 26,3 milyon manat təşkil edib.
Xammal və materiallar xərcləri 6 milyon manat (28%) azalaraq 15,5 milyon manat olub.
Alınmış elektrik enerjisi xərci 20,7 milyon manat (2,3 dəfə) artaraq 36,4 milyon manat olub.
Ticarət və digər debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklik maddəsi üzrə 8,7 milyon manat gəlir yaranıb (ötən il 800 min manat zərər idi).
Digər xərclər isə 34,3 milyon manat (49,2%) azalaraq 35,4 milyon manat təşkil edib.
Beləliklə, Cəmi əməliyyat xərcləri 170,6 milyon manat (11,8%) azalaraq 1 milyard 277 milyon manat olub.
Mənfəət Göstəriciləri:
Əməliyyat mənfəəti 53,1 milyon manat (21,7%) azalaraq 191,7 milyon manat təşkil edib.
Şirkətin xalis maliyyə xərci 2,7 milyon manat azalaraq 21,9 milyon manata enib. Xarici valyuta mübadiləsindən gəlir 130,2 milyon manat, zərər isə 67,7 milyon manat olub.
Mənfəət vergisindən əvvəl mənfəət 232,3 milyon manata bərabər olub. Bu 2023-cü ilin göstəricisindən 4,1 milyon manat (1,7%) azdır.
58,5 milyon manat mənfəət vergisi ödənildikdən sonra şirkət 2024-cü ili 173,8 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilki göstəricidən (175,1 milyon manat) cəmi 1,3 milyon manat (0,7%) azdır.
Aktivlər:
Cəmi aktivlər 598,4 milyon manat (11,3%) artaraq 5 milyard 912 milyon manata çatıb.
Bunun 5 milyard 44 milyon manatı uzunmüddətli aktivlərin, 868,5 milyon manatı isə qısamüddətli aktivlərin payına düşür.
Ən böyük artım “Əmlak, tikili və avadanlıqlar” maddəsində baş verib - 900 milyon manat (22,7%) artaraq 4 milyard 855 milyon manata yüksəlib.
Pul vəsaitləri və onların ekvivalentləri isə 124,3 milyon manat bərabər olub. Bu illik müqayisədə 4,7 milyon manat (4%) çoxdur.
Kapital və Öhdəliklər:
Cəmi kapital 309 milyon manat (11,1%) artaraq 3 milyard 92 milyon manata çatıb.
Cəmi öhdəliklər 2 milyard 821 milyon manata bərabər olub. Bu da son bir il ərzində 289,4 milyon manat (11,4%) artımdır.
Uzunmüddətli öhdəliklər 18,3 milyon manat (1,2%) azalaraq 1 milyard 479 milyon manat təşkil edib.
Qısamüddətli öhdəliklər isə 307,7 milyon manat (29,8%) artaraq 1 milyard 342 milyon manat olub. Bu artım əsasən “Ticarət və digər kreditor borcları” (104 milyon manat artım) və “Ödənilməli mənfəət vergisindən başqa vergilər” (115,6 milyon manat artım) hesabına baş verib.