2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayında bildirilir.
2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub.
2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4% artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (75,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (47,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (25,1 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,6 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı”nda göstərilib ki, 2024-cü ilin fevral ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22,8 milyon ABŞ dolları olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2024-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, Muradova Sahibə Səlimət qızı, “P-Aqro” MMC, “Soil Boons” MMC, “Ümüd 059” MMC, “EA-Fruits” MMC, “Gözəl Təbiət” MMC, “Binə Aqro” QSC, “STP Global Cable” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.
2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 1,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 faizini təşkil edib.
2024-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 367,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 335,3 min ABŞ dolları ilə Lüksemburq, 74,2 min ABŞ dolları ilə BƏƏ, 71 min ABŞ dolları ilə Almaniya və 69,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2024-cü ilin yanvar ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 187,9 milyon manat dəyərində əməliyyat aparılıb.