Hesablama Palatası 2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlilini açıqlayıb.
FED.az hesabata istinadən xəbər verir ki, 2018-ci ilin ilk altı ayında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 9 684,2 mln. manat, xərcləri isə 9 358,4 mln. manat məbləğində proqnozlaşdırılıb. Hesabat dövründə icra göstəriciləri müvafiq olaraq 9 860,4 mln. manat və 9 524,3 mln. manat təşkil edib. Bu ilin ilk 6 ayında dövlət büdcəsi 325,8 mln. manat məbləğində profisitlə nəzərdə tutulub və hesabat dövrünün sonuna profisit məbləği 336,1 mln. manat təşkil edib.
Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsi kəsirlə proqnozlaşdırılmışdır.
Hesabatda şəhər və rayonların yerli xərcləri də açıqlanıb. Yanvar-iyun ayları üçün yerli xərclər ümumilikdə 321 888,0 min manat nəzərdə tutulsa da 289 972,0 min manat (90,1%) xərclənib. O cümlədən Bakı şəhəri üzrə büdcə xərcləri 93 958,0 min manata qarşı 81555,0 min manat və ya 86,8% səviyyəsində icra edilib. Təhlil göstərir ki, şəhərlər üzrə Bakı, Naftalan və Şəki şəhərlərində xərclərin icra səviyyəsi 90%-dən aşağı olub.
Hesabatda qeyd edilib ki, 22 rayonda yerli xərclərin icra səviyyəsi 90%-dən az olmaqla ümumilikdə 47 rayonda bu göstərici 100%-dən aşağı olub. 9 rayonda isə xərclər 100%-dən də çox icra edilib. Ən aşağı icra səviyyəsi Abşeron rayonuna (65,6%), ən yüksək icra səviyyəsi ilə 108,9% olmaqla Zərdab rayonuna aid olub.
2018-ci ilin 6 ayı ərzində yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədilə 30.09.2018-ci il tarixinə büdcəyə geri qaytarılması şərti ilə Bakı, Gəncə, Lənkəran, Şirvan və Yevlax şəhərlərinə 8450,0 min manat məbləğində vəsait ayrılib. Bu məbləğdə ən böyük xüsusi çəkiyə Bakı şəhəri malikdir (75,3%). Ayrılan vəsaitdən 1550,0 min manat və ya cəmi vəsaitin 18,3%-i 30.06.2018-ci il tarixinədək geri qaytarılib. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, Gəncə, Şirvan və Yevlax şəhərlərinə yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədilə büdcədən ayrılan vəsait tam məbləğdə geri qaytarılib.
Yerlı gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlər üzrə ümumilikdə 31 385,0 min manata qarşı 31 497,0 min manat və ya 100,4% (112,0 min manat çox) səviyyəsində icra olunub.
Bəzi rayonlar üzrə yerli gəlirlərin yerli xərcləri maliyyələşdirə bilməyən hissəsi qədər mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılmalı olduğu halda, rayonların gəlir və xərclərinin kəsirinin bağlanmasından artıq mərkəzləşdirilmiş vəsait ayrılmış, bəzi rayonlar üzrə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait üzrə 6 aylıq təsdiq edilmiş planda nəzərdə tutulandan da artıq vəsaitin istifadəsinə yol verilib.
Büdcəni ən çox hansı rayon xərcləyib? - HESABAT
22:34
30 Avq 2018