“AzeSteel” Company” QSC cari ilin I yarımilinin idarəetmə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, “AzeSteel” Company” gözlənilmədən zərər keçib – ötən ilin ilk yarısını 437 min manat mənfəətlə tamamladığı halda, şirkət bu ilin 6 ayını böyük - 1 milyon 511 min manata yaxın zərərlə başa vurub.
Böyük zərərin səbəbi şirkətin satışlarının kəskin azalması və nəticədə satışdan gələn gəlirlərin xərcləri ödəyə bilməməsidir. Belə ki, ilk yarım ildə “AzeSteel” Company”nin satış gəlirləri cəmi 571 min manat olub. Bu ötən ilin eyni dövründən 10 dəfə az olub. Belə ki, 2022-ci ilin ilk 6 ayında şirkət 5,7 milyon manatlıq satış etmişdi.
Satışdan kənar gəlirlər isə 6 ayda cəmi 2,3 min manat olub, halbüki bu göstərici ötən il 482,1 min manat idi.
Hesabat dövründə şirkətin işçi heyəti ilə bağlı xərcləri 2 dəfədən çox artaraq 868,5 min manata yüksəlib – ötən il 342 min manat olmuşdu.
Şirkətin digər xərcləri 807,6 min manat təşkil edib, üstəlik bu ildən “AzeSteel” Company” buraxdığı istiqrazlara görə faiz də ödəməyə başlayıb – 6 ayda faiz xərcləri 408,1 min manat olub.
“AzeSteel” Company” QSC-nin aktivləri ilk yarımildə 21,2 milyon manat olub. Akitvlər illik müqayisədə 4,7 milyon manata yaxın (28,3%) artıb.
Şirkətin öhdəlikləri isə təxminən 2 dəfə artaraq 14,2 milyon manata yüksəlib.
Hesabat dövründə kapital 6 milyon 986 min manata yaxın olub ki, bu da son bir ildə 2 milyon 408 min manat, yəni 25,6% azalma deməkdir.
Şirkətin 2023-cü ilin ilk yarım ilində 3 milyon 869 min manatlıq yığılmış zərərləri olub. Halbuki, keçən ilin eyni dövründə 408,3 min manatlıq bölüşdürülməmiş mənfəətə malik idi.