Azərbaycanın ən böyük biznes qruplarından olan «Azersun Holdinq» 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkətin gəlirləri azalsa da, mənfəəti kəskin artıb.
Hesabata əsasən 2023-cü ildə «Azersun Holdinq»in satış gəlirləri 1 milyardl 810 milyon manat olub.
2022-c illə müqayi sədə şirkətin gəlirləri 15 milyon manat azalıb, bu 1%-dən də aşağıdır. Satışların maya dəyəri isə 1 milyon 348 milyon manat olub.
Nəticədə Holdinqin il ərzində məcmu mənfəəti (satışla maya dəyəri arasındakı fərq) 463 milyon manat olub. 2022-ci illə müqayisədə bu rəqəm təqribən 2 milyon manat azalıb.
Şirkətin əməliyyat xərcləri 2023-cü ildə kəskin artıb. Belə ki, inzibati və ümumi xərxlər 2022-ci ildə 298 milyon manat olmuşdusa, 2023-cü ildə 325 milyon manata yüksəlib.
Əvəzində satışvə paylama xərcləri 7 milyon manat azalaraq 100 milyon manatdan 93 milyon manata enib.
Ötən il «Azersun Holdinq»in maliyyə xərcləri 22 milyon manat olub, məzənnə fərqindən isə şirkət 3,3 milyon manat itirib.
Bu xərcləri nəzərə alanda «Azersun Holdinq»in mənfəəti cəmi 19 milyon manat olu bilərdi. Şirkəti vəziyyətdən «digər gəlirlər» bölməsi çıxarıb – 68 milyon manat. Ötən il bu rəqəm cəmi 3 milyon idi.
Nəticədə «Azersun Holdinq»in vergidən əvvəlki mənfəəti 87 milyon manat olub. Bu göstərici ötən illə müqayisədə 2 dəfə artıb.
2023-cü ildə «Azersun Holdinq» 29,2 milyon manat mənfəət vergisi ödəyib. Bu 2022-ci illə müqayisədə 8 milyon manat artıqdır.
Nəticədə şirkətin il üzrə xalis mənfəəti 58,3 milyon manat olub. Xatırladaq ki, 2022-ci ildə bu rəqəm 15 milyon manat təşkil etmişdi.
2023-cü ildə «Azersun Holdinq» təqribən 100 milyon manat kiçilib – aktivləri 1163 milyon manatdan 1071 milyon manata düşüb. Aktivlərdəki azalmanın səbəbi «Aktivləri idarə etmə hüququ» bəndi üzrədir – şirkət bu bənd üzrə 2022-ci ildə 170 milyon manatlıq aktivi idvarə edə bilirdisə, 2023-cü ildə bu rəqəm 55 milyon manata düşüb.
Digər göstəricilər ciddi dəyişməyib.