“Azərpoçt” MMC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat şirkətin gəlirlərinin artmasına baxmayaraq, əməliyyat xərclərinin daha sürətlə böyüməsi səbəbindən yekun xalis mənfəətin azaldığını göstərib.
Şirkətin cəmi gəlirləri 49,6 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 2,5 milyon manat (5,4%) artımdır.
Bu artımın arxasında digər xidmətlər üzrə əldə olunan gəlir dayanıb. Bu maddə üzrə gəlir 12,2 milyon manat olub ki, bu da illik 2,6 milyon manat (27,2%) artım deməkdir.
Poçt xidmətləri üzrə əldə olunan gəlir 22,8 milyon manat, maliyyə xidmətləri üzrə əldə olunan gəlir isə 14,5 milyon manat təşkil edib.
Hesabat dövründə cəmi əməliyyat xərcləri 69,8 milyon manat olub. Bu da illik 9,3 milyon manat (15,4%) artım deməkdir.
Xərclərin artımında ən böyük pay əməliyyat xərclərinə aiddir. Bu xərclər 38,6 milyon manata bərabər olub və illik 8 milyon manat (26,1%) artıb.
Ümumi və inzibati xərclər 27,4 milyon manat, köhnəlmə və amortizasiya xərcləri isə 5,0 milyon manat təşkil edib.
Bu amillərin birgə təsiri ilə şirkətin əməliyyat zərəri 20,2 milyon manat olub. Bu, illik müqayisədə 6,6 milyon manat (48,1%) artımdır.
Hesabatın ən vacib dəyişikliyi isə maliyyə aktivləri üzrə kredit zərərlərində baş verib. Şirkət ötən ilki 5,5 milyon manatlıq zərərin əksinə olaraq, bu il 2,7 milyon manatlıq vəsaiti bərpa edib. Bu, ümumilikdə 8,1 milyon manatlıq bir yaxşılaşmadır.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 6 milyon manata yaxınlaşıb. Bu da illik 131,8 min manat (2,3%) artımdır.
Mənfəət vergisi xərci 949,3 min manata yüksəlib. Bu son bir il ərzində 645,4 min manat (3,1 dəfə) artım deməkdir.
Bütün bunların yekununda, “Azərpoçt” MMC 2024-cü ili 5 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 513,6 min manat və ya 9,3% azdır.
Şirkətin cəmi aktivləri 2024-cü ildə 773,5 milyon manata çatıb. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 168,7 milyon manat (27,9%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 194,6 milyon manata enib. Bu da illik 33,1 milyon manat (14,5%) azalmadır.
Əmlak, tikili və avadanlıqlar 37,9 milyon manat təşkil edərək cüzi (431,0 min manat) artıb.
İstifadə hüququ olan aktivlər 194,3 min manat (49,7%) azalaraq 197,1 min manata düşüb
İnvestisiya qiymətli kağızları isə 154,0 milyon manata bərabər olub. Bu da 2023-cü ilə nəzərən 33,2 milyon manat (17,7%) azdır.
Cəmi qısamüddətli aktivlər isə 578,9 milyon manata yüksəlib. Bu, illik 201,8 milyon manat (53,5%) artımdır.
Pul vəsaitləri 256,3 milyon manat (2,6 dəfə) artımla 417,5 milyon manata yüksəlib..
Debitor borcları 12,9 milyon manata bərabər olub ki, nəticədə, illik 2 milyon manat (13,5%) azalma baş verib.
İnvestisiya qiymətli kağızları 146,2 milyon manata bərabər olub. İl ərzində 21,6 milyon manat (12,8%) azalma qeydə alınıb.
Əks repo müqavilələri üzrə debitor borclar isə 31,0 milyon manatdan sıfıra düşüb və tamamilə ləğv edilib.
Cəmi öhdəliklər 711,6 milyon manata yüksəlib. Bu da illik 163,7 milyon manat (29,9%) artımdır.
Cəmi uzunmüddətli öhdəliklər 5,2 milyon manat olub. Bu, illik 1,5 milyon manat (22,4%) azalmadır.
Cəmi qısamüddətli öhdəliklər isə 706,4 milyon manata bərabər olub. Bu da 2023-cü ildəki vəziyyətlə müqayisədə 165,2 milyon manat (30,5%) artımdır..
Repo müqavilələri əsasında borc 156,9 milyon manata çataraq 102,1 milyon manat (2,9 dəfə) artıb.
Kreditor borcları 8,9 milyon manat (55,3%) artaraq 25,1 milyon manata çatıb.
Müştəri hesabları isə 522,4 milyon manat olub ki, bu da illik 54,4 milyon manat (11,6%) artımdır.
Cəmi kapital 62 milyon manat təşkil edib. Bu isə son bir ildə 5,0 milyon manat (8,8%) artım deməkdir.
Bu artımın yeganə səbəbi, yığılmış zərərin 17,8 milyon manatdan 12,8 milyon manata enməsidir ki, bu da 5,0 milyon manatlıq bir yaxşılaşmadır.
Nizamnamə kapitalı 73,4 milyon manat, digər ehtiyatlar isə 1,4 milyon manat səviyyəsində dəyişməz qalıb.