“Azərpoçt” MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən il əməliyyət zərəri ilə başa vurub – «Azərpoçt»un əsas fəaliyyəti üzrə gəlirləri azalıb, xərcləri isə artıb. Ölkənin əsas poçt operatorunu bu vəziyyətdən qiymətli kağızlara edilən investisiyalar çıxarıb.
Beləliklə, 2023-cü ildə 47 milyon manat cəmi əməliyyat gəliri gəlir əldə edib. Gəlirlərin 22,6 milyon manatı poçt xidmətlərindən, 14,8 milyon manatı maliyyə xidmətlərindən, 9,6 milyon manatı isə digər xidmətlərdən əldə edilib.
İllik müqayisə ilə cəmi gəlirlər 7,9 milyon manat (14%) aşağı düşüb. Baxmayaraq ki, bu dövrdə poçt xidmətlərindən gəlirlər 2,3 milyon manat (11,2%) artıb, əvəzində maliyyə xidmətlərindən gəlirlər 8,5 milyon manat (36%), digər xidmətlərdən gəlirlər 1,7 milyon manat (15%) aşağı düşüb.
Paralel olaraq «Azərpoçt»un əməliyyat xərcləri artıb. Əməliyyat xərcləri ötənilki 26,5 milyon manatdan bu il 30,4 milyon manata üksəlib. İnzibati xərclərdə isə 3,3 milyon manat artım baş verib. 4,4 milyon manat isə amortizasiya xərclərinə silinib. Bu dövrdə şirkətin 1 milyon manat əlavə gəlirləri də olub.
İllik müqayisədə əməliyyat xərcləri 3,9 milyon manat (15%), ümumi və inzibati xərcləri 3,4 milyon manat (14%) artıb, köhnəlmə və amortizasiya xərcləri 192 min manat (4%) azalıb, digər gəlirləri 886 manat (8,8 dəfə) artıb.
Nəticədə "Azərpoçt" 2022-ci ildə 662 min manat əməliyyat gəliri əldə etdiyi halda, 2023-cü ildə 13 milyon 337 min manat əməliyyat zərəri edib.
“Azərpoçt”u zərərlə işləməkdən investisiya gəlirləri qurtarıb. 2023-cü ildə şirkətin qiymətli kağızlardan gəlirləri 2 dəfədən çox artaraq 10 milyon manatdan 22 milyon manata yüksəlib. Daha 1,5 milyon manat isə əks Repo əməliyyatları üzrə faiz fərqindən əldə edilib.
Nəticədə "Azərpoçt" 304 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ili 5,5 milyon manat xalis mənfəətlə bitirib. 2022-ci illə müqayisədə şirkətin xalis mənfəəti artıb – əvvəlki ilə bu rəqəm 4,3 milyon manat idi.
2023-cü ildə "Azərpoçt" 605 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 19,2 milyon (3%) azalıb.
Ötən il şirkətin aktivlərinin tərkibində əsas yenilik – qiymətli kağızlara yatırımların kəskni artımıdır. 2022-ci ildə «Azərpoçt» qiymətli kağızlara 300 milyon manat yatırmışdısa, 2023-cü ildə bu rəqəm 350 milyon manatı keçib.
Nəticədə indi şirkət müştəri hesablarındakı pulların 75%-i qiymətli kağızlara yatırılıb. Qiymətli kağızlar şirkətə ildə 1,7-10% arasında gəlir gətirir.
2023-cü ildə «Azərpoçt»un öhdəlikləri 26 milyon manat azalaraq 574 milyondan 548 milyon manata enib.
İlin sonuna «Azərpoçt»un müştəri hesablarında 468 milyon manat pul olub, bu 2022-ci illə müqayisədə 72 milyon manat və ya 13% azdır.
Şirkətin balans kapitalı 56,9 milyon təşkil edib ki, bu da illik müqayisədə 6,9 milyon manat və ya 14% çoxdur. Yığılmış zərəri isə 2022-ci ilə nisbətən 5,6 milyon manat (24%) azalıb və 17,8 milyon manata düşüb.