Dövlət şirkəti “AzerGold” QSC 2023-cü ili də böyük xalis mənfəətlə tamamlayıb.
FED.az bunu dövlət şirkətinin konsolidə edilmiş illik audit hesabatına istinadən xəbər verir.
Belə ki, şirkət 2023-cü ildə 27 milyon 230 min manat xalis mənfəət əldə edib.
"AzerGold” QSC 2023-cü ildəki gəlirləri 135 milyon 355 min manata bərabər olub. Bu illik müqayisədə 11 milyon 709 min manat, başqa sözlə 9,5% çoxdur.
Satışın maya dəyəri üzrə xərcləri də 27 milyon 817 min manat və ya 42,6% artaraq 93 milyon 153 min manata çatıb.
Beləliklə QSC-nin ümumi mənfəəti 42 milyon 202 min manata bərabər olub.
"AzerGold”un bu dövrdə ümumi və inzibati xərcləri 24 milyon 4 min manat, sair əməliyyat gəlirləri 6 milyon 126 min manat təşkil edib. Əməliyyat mənfəəti isə 35 milyon 256 milyon manata bərabər olub.
Hesabat dövrdə "AzerGold”un maliyyə xərcləri 2 milyon 259 min manat (3,1 dəfə) artaraq 3 milyon 331 min manata, maliyyə gəlirləri isə 1 milyon 529 min manat (2,6 dəfə) artaraq 2 milyon 513 min manata yüksəlib.
7 milyon 210 min manat mənfəət vergisi ödənişindən sonra "AzerGold” 2023-cü ili 27 milyon 228 min manat xalis mənfəətlə başa vurub.
Ötən ilin sonuna "Azer Gold" QSC 468 milyon 136 min manat cəmi aktivlərə malik olub. . Aktivlər son bir il ərzində 110 milyon 271 min manat və ya 30,8% artıb.
Öhdəliklər son bir il ərzində 56 milyon 572 min manat və ya 60% artaraq 150 milyon 887 min manata yüksəlib.
Balans kapitalı 53 milyon 699 min manat və ya 20,4% artaraq cəmi 317 milyon 249 min manata yüksəklib.