Azərbaycanın əsas enerji imtehsalı operatoru olan «Azərenerji» ASC-nin 2023-cü ildə satışları kəskin azalıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il «Azərenerji» müştərilərinə 1 milyard 685,3 milyon manatlıq elektrik enerjisi satıb. 2022-ci illə müqayisədə satılan enerjinin həcmi 160 milyon manat və ya 8% azalıb.
Ötən il «Azərenerji»nin daha bir «gəlir»li mənbəyi zəifləyib – elektrik şəbəkəsinə qoşulma xidməti üzrə gəlirlər 2 dəfədən çox azalaraq 7 milyon manatdan 3 milyon manata düşüb.
Ötən il «Azərenerji» yanacağa 809 milyon manat (3 milyon artım), işçilərə 105 milyon manat (25 milyon manat artım), təmir xərclərinə isə 120 milyon manat xərcləyib. Maraqlıdır ki, təmir xərcləri əvvəlki illə müqayisədə 50 milyon manat artıb.
2023-cü ildə «Azərenerji» özünün aldığı enerjini 3 dəfə azaldaraq 44 milyon manatdan 15 milyona endirib.
Nəticədə şirkətin illik əməliyyat xərcləri 1 milyard 447 milyon manat olub, bu əvvəlki ildən 47 milyon manat artıqdır.
Şirkət ötən ili 245 milyon manat əməliyyat mənfəəəti ilə tamamlayıb ki, bu da 2022-ci illə müqayisədə 207 milyon manat və ya 45% azdır.
Şirkətin 61 milyon manat mənfəət vergisi ödəməsindən sonra xalis mənfəəti 175,1 milyon manat olub. Bu 2022-ci illə müqayisədə 2,5 dəfə azdır.
2023-cü ilin sonuna «Azerenerji»nin aktivləri 800 milyon manat artaraq 5,3 milyard manatı keçib. Bunun 400 milyon manatı şirkətin yeni əmlak və avadanlıqlarıdır. Yeni əmlak və avadanlıq alınması çün isə ayrıca 435 milyon avans verilib.
2023-ün sonuna şirkətin kapitalı 2,8 milyard manat, öhdəlikləri isə 300 milyon manat artaraq 2,5 milyard manat olub. «Azərenerji»nin ənənəvi öhdəlikləri ilə yanaşı, vergi öhdəlikləri də 140 milyon manat artaraq 230 milyon manata yüksəlib.